Rusiya ilə Ermənistan arasında gərginləşən diplomatik münasibətlər fonunda Moskva rəsmi İrəvanın Fransadan silah almasına münasibət bildirib.
News365.az xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov İrəvanda keçirilən mətbuat konfransında Ermənistanın bu qərarını "çaşdırıcı və təəccüblü" adlandırıb.
“Bu, bizim erməni dostlarımızın seçimidir. Əgər silahı Fransadan almaq istəyirlərsə – buyursunlar. Başqa ölkələrdən də – bu onların hüququdur. Biz heç kimə heç nə diktə etmək fikrində deyilik.”, deyə o, əlavə edib.
Lakin bu cümlənin arxasınca gələn fikirlər Lavrovun açıq narazılığını üzə çıxarır. O, Fransanı “Rusiyaya qarşı düşmən mövqe tutan ölkələr blokunun önündə gedənlərdən biri” adlandıraraq bildirib ki, Ermənistan kimi Rusiya ilə formal müttəfiqlik münasibətində olan bir ölkənin həmin blokdan silah almağa qərar verməsi diqqətlə nəzərdən keçirilməlidir:
“Ermənistan müttəfiqimizdir. Amma Fransadan – yəni bizə qarşı açıq mövqe tutan bir dövlətdən – silah almağı seçirsə, bu artıq dərin bir siyasi siqnaldır. Müttəfiqlik yalnız sözdə olmamalıdır. Kimlə olmağı, kimdən silah almağı da tərəfdaşlar özləri seçməlidir.”
Xatırladaq ki, son aylarda Ermənistan ilə Fransa arasında hərbi-texniki əməkdaşlıq sahəsində aktivlik müşahidə olunur. Paris rəsmi şəkildə bəyan edib ki, Ermənistana müdafiə sistemləri, radar avadanlıqları və digər hərbi texnika satacaq. Bəzi mənbələrə görə, artıq ilk partiya avadanlıq Ermənistana çatdırılıb. Fransa prezidenti Emmanuel Makron Ermənistanın təhlükəsizliyinə dəstəyin vacibliyini vurğulayıb və bu istiqamətdə Avropa İttifaqı müşahidəçilərinin bölgədə yerləşdirilməsini dəstəkləyib.
Lavrovun bu açıqlamaları Kremlin İrəvanın son illərdəki Qərbə inteqrasiya siyasətindən ciddi narahat olduğunu göstərir. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə praktiki əməkdaşlığı faktiki dayandırıb, Avropa İttifaqı ilə isə əməkdaşlığı genişləndirir. İrəvan bir neçə dəfə açıq şəkildə KTMT-dən şikayət edib.
Bu fonda Lavrovun “biz heç nəyi zorla etmirik, amma kimlə olmaq istədiklərini özləri müəyyən etməlidirlər” fikri, əslində Kremlin İrəvana verdiyi son xəbərdarlıq kimi də oxuna bilər.
Bu bəyanat göstərir ki, Moskva ilə İrəvan arasında müttəfiqlik münasibətləri artıq formal çərçivədən çıxıb ciddi sınaq mərhələsinə keçib. Ermənistan bir tərəfdən Fransa və Qərb ilə yaxınlaşmağa, digər tərəfdən isə Rusiyanın iqtisadi və enerji asılılığından tam qurtulmağa çalışır.