“Ölkəmiz
oktyabrın 15-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin
(AQEM) 7-ci Zirvə Görüşünə yüksək səviyyədə ev sahibliyi etdi. AQEM-in
7-ci sammiti beynəlxalq münasibətlərdə, o cümlədən Asiyada dövlətlərarası
ziddiyyətlərin kəskinləşdiyi, münaqişələrin alovlandığı və yeni münaqişə
ocaqlarının yaranması ilə müşahidə olunan mürəkkəb mühitdə üzv dövlətlər
arasında dialoq və etimad quruculuğu məsələlərinin müzakirəsi üçün mühüm fürsət
təşkil edir”.
Bu fikirləri News365.az-a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Onun
sözlərinə görə, AQEM-in yaradılması haqqında ilk təşəbbüs 1992-ci il oktyabrın
5-də BMT Baş Assambleyasının 47-ci sessiyası zamanı Qazaxıstan tərəfindən irəli
sürülüb.
Əsas
məqsəd Asiyada sülh və təhlükəsizliyin təmin olunması üzrə effektiv və
universal təşkilat təsis etmək olub. AQEM-in fəaliyyətini tənzimləyən əsas sənədlər
1999-cu ildə qəbul edilmiş “AQEM üzv dövlətləri arasında münasibətlərin rəhbər
prinsipləri haqqında Bəyannamə” və 2002-ci ildə təsdiqlənmiş “Almatı Aktı”dır.
Bakı sammitinə qədər təşkilatın 28 üzvü var idi, amma Laos Xalq Demokratik
Respublikasının platformaya tam hüquqlu üzv seçilməsi ilə onların sayı 29-a
çatıb. Bundan əlavə, bir sıra ölkələr, həmçinin BMT, ATƏT, Beynəlxalq Miqrasiya
Təşkilatı, Ərəb Dövlətləri Liqası, Türk Dövlətləri Parlament Assambleyası kimi
beynəlxalq təşkilatlar qurumda müşahidəçi statusuna malikdirlər. Azərbaycan
Qazaxıstanın təşəbbüsünü dəstəkləyən ilk dövlətlərdəndir. Ölkəmiz “Təhlükəsiz və
səmərəli nəqliyyat dəhlizləri sistemlərinin inkişaf etdirilməsi” sahəsində
etimad-qurucu tədbirin əlaqələndiricisi funksiyalarını yerinə yetirir. AQEM
Nazirlər Şurasının 2024-cü il 19 mart tarixli qərarı ilə 2024-2026-cı illər
üzrə təşkilata sədrlik ölkəmizə keçib. Təşkilata sədrlik çərçivəsində AQEM-in
Biznes və Gənclər şuralarına sədrliyi də həmin dövr üçün Azərbaycan tərəfindən
həyata keçirilir. Təkcə 2025-ci ildə Azərbaycanda AQEM-in etimad tədbirlərinin
həyata keçirilməsi planına uyğun 44 tədbir keçirilib. Bunlardan təxminən
20-si Azərbaycan tərəfindən təklif olunub ki, bu da AQEM-in 5 əsas iş istiqamətini
(iqtisadi, ekoloji, insani və hərbi-siyasi ölçülər, yeni çağırışlar və təhdidlər
ölçüsü) əhatə edir. Azərbaycan sədrliyinin prioritetlərindən biri AQEM-in
institusional əsaslarının möhkəmləndirilməsi və tamhüquqlu beynəlxalq təşkilata
çevrilməsi prosesinin təşviqidir. Çünki üzvlərinin sayı və coğrafi əhatəsi
geniş olan çoxtərəfli platformanın səmərəliliyi yalnız siyasi dialoqun
intensivliyi ilə deyil, həm də qərarların həyata keçirilməsi, təşəbbüslərin
davamlılığı və institusional mexanizmlərin effektivliyi ilə ölçülür.
Deputat
bildirib ki, ölkəmiz regionda, eləcə də beynəlxalq səviyyədə əməkdaşlıq və təhlükəsizliyə
də mühüm töhfələr verir. Sammitdə Prezident İlham Əliyevin çıxışı da bu faktı təsdiqləyir.
Cənab Prezident çıxışında bəyan edib ki, Azərbaycan dövlətlərarası münaqişələrin
həlli məsələsində ikili standartların və seçici yanaşmaların tətbiqi ilə bağlı
zərərli praktikaya qarşı fəal və əsaslandırılmış şəkildə çıxış edir. Dövlət başçısı
müstəqilliyimizi bərpa etdikdən sonra davamlı şəkildə ikili standartlarla üzləşdiyimizi
də xatırladıb. Bunun əsas səbəbi isə subyektiv yanaşmalar, ikili standartlar və
beynəlxalq hüququn işləməməsidir. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin
təqribən 20 faizi 30 il ərzində Ermənistan tərəfindən işğal olunub. Ermənistan
bir milyon azərbaycanlını həm Qarabağ və Şərqi Zəngəzurdakı, həm də indiki Ermənistan
ərazisindəki öz əzəli tarixi torpaqlardan qovaraq etnik təmizləmə həyata
keçirib. BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə erməni qüvvələrinin işğal
olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə
qəbul etsə də, lakin onlar 30 il ərzində kağız üzərində qaldı. Məsələnin həlli
üçün 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupu isə münaqişənin həllinə yox,
dondurulmuş vəziyyətdə saxlanılmasına çalışdı. Avropa Parlamenti və Avropa
Şurası isə işğalçı ermənilərə lobbiçilik etməklə məşğul olub. Ermənistanın əvvəlki
rəhbərliyi – Ermənistanın hər üç keçmiş prezidenti və onların tərəfdarları, bu
müharibə cinayətkarları və uşaq qatilləri hələ də layiq olduqları cəzanı
almayıblar.
Dövlət
başçısının dediyi kimi, Ermənistanın indiki rəhbərliyi də ölkəmizə qarşı hərbi
təxribatlar törətdi. Buna görə də, Azərbaycan öz gücünə ərazi bütövlüyünü və
suverenliyini bərpa etdi. Separatçıların liderləri və müharibə cinayətkarları
isə həbs edilərək ədalət mühakiməsinə çıxarıldılar. Cənab Prezident haqlı
olaraq onların məhkəmə prosesini Nürnberq tribunalının analoqu hesab edib.
Çünki onlar da erməni faşizminin nümayəndələridirlər.
Millət
vəkilinin fikrincə, Prezident İlham Əliyevin AQEM-in sammitində bu mövzuya
geniş toxunması təsadüfi deyil. Əslində, dövlət başçısı bununla işlək beynəlxalq
hüquq norma və mexanizmlərinin yaradılmasına qlobal çağırış edir. Çünki BMT-nin
Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatlarının qəbul etdiyi qərar
və qətnamələrin icrasını təmin edən mexanizmlər hazırlanmayana qədər müharibələr
və münaqişələr davam edəcək və yeniləri meydana çıxacaq.
“Bütövlükdə,
Azərbaycan bu mühüm platforma çərçivəsində səmərəli fəaliyyət göstərib. Ölkəmiz
AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb və nəqliyyat,
bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil, elm və digər
sahələrdə əməkdaşlığı fəal şəkildə təşviq edib. Azərbaycanın bu platformaya sədrliyinin
daha iki il müddətinə uzadılması da bu reallığı ifadə edir. Sammitdə iştirak
edən liderlər, eləcə də, Bakı Bəyannaməsində ölkəmizin bu platformanın
verdiyi töhfələr xüsusi vurğulanıb” – deyə, Samir Vəliyev qeyd edib.
News365.az