Rusiyanın Yekaterinburq şəhərində Ural bölgəsinin sonuncu “qanuni oğru"larından biri hesab edilən Georgi Akoyevin məhkəməsi keçirilir. Kriminal aləmdə Giya Sverdlovski kimi tanınan Akoyev cinayət iyerarxiyasında yüksək mövqe tutmaqda ittiham olunur. O isə artıq özünü “qanuni oğru” hesab etmədiyini bildirir.
Rusiya mediası xəbər verir ki, məhkəmədə çıxış edən Akoev dövlətin “qanuni oğrular” strukturunu məğlub etdiyini iddia edib.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanları hələ də 1990-cı illərin stereotipləri ilə yaşayır, halbuki keçmiş kriminal liderlər artıq qanuni bizneslə məşğul olurlar. “Dövlət ‘qanuni oğrular’ strukturuna qalib gəldi, artıq onlar yoxdur. Amma məni hansısa fəaliyyətlə məşğul olmaqda ittiham edirlər”, – deyə Akoev bildirib.
O, 2008-ci ildə Moskvada “taclandırıldığını” xatırladan hakimə həmin mərasimdən xəbərsiz olduğunu və orada iştirak etmədiyini deyib. Akoyev həbsdə olduğu dövrdə kriminal nüfuzundan istifadə edə bilmədiyini, azadlığa çıxdıqdan sonra isə ailəsinə vaxt ayırmaq qərarına gəldiyini iddia edib.
İstintaqın versiyasına görə, Akoyev məhbuslar arasında kriminal aləmin ümumi pul fondunu – “obşakı” bölüşdürüb, onların cinayət iyerarxiyasında statusunu müəyyənləşdirib. O, həmçinin məhbuslara ünvanlanan kriminal qaydalar və göstərişlər yazmaqda ittiham olunur. Akoev isə bu iddiaları rədd edir, ona aid edilən məktubların saxta olduğunu bildirir. Onun sözlərinə görə, iki ipoteka mənzili və on ildən köhnə avtomobilindən başqa böyük sərvəti yoxdur.
Akoyev 2025-ci ilin oktyabrında, yaşadığı yaşayış kompleksində aparılan axtarışlardan sonra saxlanılıb.
İttiham olunduğu maddə üzrə onu 15 ilədək həbs cəzası gözləyir. O, təqsirini etiraf etməyib və şahidlərin təzyiq altında ifadə verdiyini bildirib.
Rusiya mediasının yazdığına görə, Akoyevin məhkəmədə özünü “qanuni oğru” hesab etmədiyini deməsi kriminal aləmdə narazılıq yaradıb. Bu mühitdən olan mənbələr onun əvvəlki statusunu itirə biləcəyini və həbs cəzasını artıq nüfuzlu kriminal fiqur kimi deyil, adi məhbus kimi çəkə biləcəyini düşünürlər.
İstintaq hesab edir ki, Akoyev 2008-ci ilin noyabrında Moskvadakı “Bannıy Dvor” hamam kompleksində “taclandırılıb”. O, Ural kriminal aləmində nüfuzlu şəxslərdən biri sayılıb. Atası biznesmen Şalva Akoev məşhur kriminal avtoritet, “Ded Xasan” ləqəbli Aslan Usoyanın qohumu olub. Rusiya mediasının məlumatına görə, Akoyevin “taclandırılmasında” da Usoyanın rolu olub. (Musavat.com)
