“Şərur” MTK-nın sahibi İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) qarşı xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə prosesi bu gün də keçirilməyib.
News365.az-ın məlumatına görə, məhkəməyə çağırılan Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) tərəfindən çağırılan mütəxəssis Akademiyanın səlahiyyətli nümayəndəsi olduğunu təsdiq edən sənədi özü ilə gətirməyib.
Xüsusi ittihamçı Emil Səməndərovun vəkili Asim Abbasov vəsatət qaldıraraq məhz bu səbəbdən prosesin təxirə salınmasını istəyib. Vəkil mütəxəssinin məsul şəxs olduğunu təsdiq edən sənədini göstərməsinin vacib olduğunu deyib.
İsfəndiyar Axundovun vəkili isə prosesin təxirə salınmasına etiraz edib. Müdafiəçinin sözlərinə görə, müvəkkilinin səhhətində problem var, məhkəmə uzandığı üçün xaricə gedib daha yaxşı müalicə ala bilmir.
Maraqlı və ziddiyətli olan isə budur ki, Şərurlu İsfəndiyarın səhhətində problem olmasından özünün xəbəri yoxdur. Belə ki, prosesdən sonra səhhəti haqda məlumat almaq üçün iş adamı ilə əlaqə saxladıq. O, açıqlamasında bunları dedi:
“Əşi səhhətimdə problem yoxdur, yaxşıyam. Xaricə zada da getmək istəmirəm. Vəkilim nəsə deyibsə, onun özündən soruşun”.
Qeyd edək ki, tanınmış iş adamından şikayətçi “Proqres 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərovdur. Səməndərov külli miqdarda dələduzluq ittihamı ilə həbs edilib. Amma hələ yekun məhkəmə qərarı yoxdur. Buna baxmayaraq, İ.Axundov verilişlərin birində onu dələduz adlandırıb. E.Səməndərov “dələduz” sözünü özünə qarşı təhqir və böhtan hesab edərək məhkəməyə müraciət edib. ///qafqazinfo