Rusiyada sərnişinlər sürücünün gözünü çıxarıblar. Bu barədə yerli media məlumat yayıb. Qeyd edilir ki, Çelyabinsk vilayətində sərnişinlər münaqişə zamanı avtobus sürücüsünün gözünə atəş açıblar.
"Sineqoryedə iki sərxoş avtobusa minib. Yolda onlar özlərini pis aparıblar, zorakılıqlar da tətbiq ediblər. Sərnişinlər mübahisə etməyə başlayıblar, hətta avtobusda nəyisə cırıblar. Sürücü onlara irad bildirib. Bundan sonra xuliqanlıq edən sərnişinlərin bütün qəzəb və diqqəti sürücüyə yönəlib", - xəsarət alan sürücünün qardaşı qızı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, sürücü avtobusdan düşüb mübahisəni davam etdirməyi təklif edən sərnişinlərə yenidən irad bildirib. Daha sonra sürücü münaqişə yaradan sərxoş sərnişinləri avtobusda qoyub ərazidən uzaqlaşmaq qərarına gəlib. Lakin qanun pozucularından biri sürücünün gözünü çıxarıb. Bəzi Telegram kanalları bunun silahla edildiyini yazıblar.
Hadisə şahidləri davanı videoya çəkiblər. Görüntülərdə iki nəfərin sürücünü döyməsi, digər sərnişinlərin isə yaralıya kömək etməyə çalışdığı görünür. Kadrlarda sürücünün üzünün qan içində olması, gözündə isə ciddi problemin yaranması aşkar görünür.
Məlumata görə, təcili tibbi yardım xidmətləri kişini dərhal xəstəxanaya yerləşdiriblər. Həkimlərin qurbanın görmə qabiliyyətini bərpa edə biləcəyi hələlik məlum deyil.
Tural