Əməkdar artist Dilarə Əliyeva mərhum həyat yoldaşı Oqtay Əliyevin doğum günü ilə bağlı sosial şəbəkədə duyğulu paylaşım edib.
News365.az xəbər verir ki, o, instaqram hesabında mərhum həyat yoldaşı ilə bağlı bu sözləri yazıb:
“Bu gün sənin doğum günündür… Sən bu dünyadan köçmüsən, amma hər gün, hər an bizimlə yaşayırsan. Vaxt keçir, illər ötür, amma yoxluğun heç vaxt vərdiş etdiyimiz bir şey olmur. Sənin səsin, baxışların, zarafatların… Hamısı yaddaşımda canlıdır. Bəzən bir mahnı, bir səssizlik, bir qoxu sanki səni yenidən yanıma gətirir. Sənin varlığın həyatımın ən dəyərli parçalarından biri idi – indi isə xatirələrinlə nəfəs alıram. Qəlbimdə daim bir yerin var və orada həmişə gülümsəyirsən. Ad günün mübarək, Oqtay. Ruhun şad olsun. Bil ki, səni unutmuram. Unuda bilmərəm… ”
Qeyd edək ki, Oqtay Əliyev iki il əvvəl avtomobil qəzasında dünyasını dəyişib.