Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təşkil olunan iftar süfrəsində RİH başçısı Rəşad Tağıyev, rayon ağsaqqalları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri, din xadimləri və şəhid ailələri iştirak ediblər.
İftar süfrəsində “Qurani-Kərim”dən ayələr, şəhidlərin ruhuna dualar oxunub, qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə təbriklər səsləndirilib.
Novruz bayramı və Müqəddəs Ramazan bayramı münasibətilə bir daha bütün sakinlərimizi təbrik edən Rəşad Tağıyev tədbirdə iştirak edən şəhid ailələrinə də ən xoş arzularını çatdırıb. İcra başçısı bildirib ki, belə tədbirlərin keçirilməsində əsas məqsəd dövlətin və cəmiyyətin daim şəhid ailələrinin yanında olduğunu göstərmək, eyni zamanda şəhidlərimizin əziz xatirəsini anmaqdır.
İcra başçısı qeyd edib ki, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə xüsusi diqqət və qayğı dövlətimizin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Şəmkir rayonunda da şəhid və qazi ailələrinə, müharibə iştirakçılarına xüsusi diqqət və qayğı ilə yanaşılır, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər görülür.
Tədbirdə çıxış edənlər Birinci və İkinci Qarabağ müharibəsində şəhidlərimizin fədakarlığını vurğulayıb, belə tədbirlər şəhid ailələri üçün mənəvi dəstək olmaqla yanaşı, həmrəylik və birlik ruhunun daha da möhkəmlənməsinə töhfə verdiyini bildiriblər.
Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.