Şəhərdaxili tıxac narazılıq yaratdı – VİDEO + YENİLƏNİB

Şəhərdaxili tıxac narazılıq yaratdı – VİDEO + YENİLƏNİB
15:22

Dünən paytaxtın Yasamal rayonunda bir neçə küçə və prospektdə hərəkətin iflic olmasına səbəb olan tıxacın yaranma səbəbinin görüntüləri yayılıb.

News365.az xəbər verir ki, görüntülərdən tıxacın Həsən bəy Zərdabi küçəsi ilə Akim Abbasov küçəsinin kəsişməsində bir neçə sürücünün ucbatından yarandığı məlum olur.

Belə ki, sürücülərdən bəziləri avtomobili daim hərəkət üçün açıq olmalı olan kəsişmədə saxlayaraq hərəkəti kilidləyiblər.

Bu səbəbdən sözügedən küçələrlə yanaşı, Mətbuat prospekti, Abdulvahab Salamzadə küçəsi, Əbdürrəhim bəy Haqverdiyev küçəsi, Tbilisi prospekti, eləcə də digər ətraf yollarda böyük tıxac yaranıb.

Sosial şəbəkədəki videoya şərh bildirən şəxslər tıxaca səbəb olan sürücüləri qınayıb və kəsişmədən sonra hərəkətin mümkünsüz olduğu şəraitdə oraya daxil olmağın yolverilməzliyini vurğulayıblar.

Qeyd edək ki, artıq bir neçə aydır paytaxt ərazisində bəzi yol kəsişmələrində bu kimi halların qarşısını almaq üçün “sarı tor” işarələnməsi həyata keçirilir. Kəsişmədən sonra hərəkətin mümkünsüz olduğu halda oraya daxil olaraq digər nəqliyyat vasitələrinin hərəkətini bloklayan avtomobillər inzibati məsuliyyət daşıyır və cərimələnirlər.

***

Məsələ ilə bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib ki, Yasamal rayonu, Mətbuat prospekti ilə Akim Abbasov küçəsinin kəsişməsində yaranan sıxlığın aradan qaldırılması məqsədilə yol polisi əməkdaşları tərəfindən zəruri tədbirlər görülüb: “Qısa müddət ərzində nəqliyyatın ləngiməsinin bitişik digər yollara yayılmasının qarşısı alınıb, hərəkətin fasiləsizliyi təmin olunub”.


Sizin reklam burada
Sizin reklam burada