“Bu gecə Arif müəllimi yuxumda gördüm. Amma onu o halda görmək istəməzdim. Sanki məni görmürdü, təkcə səsimi eşidirdi. Hərəkətsiz və sakitcə nəfəs alırdı, sanki içində son segahını oxuyurdu...”
News365.az xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova son günlərdə vəziyyəti ağır olan Xalq artisti Arif Babayevlə bağlı paylaşımında yazıb.
“Kaş ki bunlar hamısı yuxu olaydı, oyanaydın, “qorxma, qızım, yaxşıyam” - deyəydin. Çox pisəm, ustad, çox pis... Ömrümdə ağlıma gəlməzdi belə yuxu. Kaş ki görməsəydim, bu yuxunu, Arif müəllim.
Birdən yadıma uşaqlığımda Arif müəllimin mənə bağışladığı broşuranı xatırladım. Dərhal şəkillərimin arasından tapdım onu, əlimə aldım, baxdım. Və bir cümlə gözümə sataşdı: “Mən səndən bir müəllim kimi həmişə razı qalmışam. Qoy sənin incə səsindən zövq almaq üçün xalqımız səni öz köməyinə çağırsın”. İndi mən səni səsləyirəm, Arif müəllim, oyan. Mən kimi köməyimizə çağırım? Kimə üz tutaq, kimə yalvaraq? Bircə sən oyanasan...
Sevdiyin xalqın, sənsiz qalmış evin, səssiz-sədasız çarpayının, naxışlı fincanının xatirinə oyan... Sənə yalvarıram, oyan! Bizi bu sınaqda tək qoyma. Səsin, nəfəsin, nəfəsinlə yoğrulmuş muğamın hələ çox ürəyə yol tapmalıdır. Bizi sənsiz buraxma...”, - deyə A. Haşımova qeyd edib.