Rusiyadan İrana çəkiləcək qaz kəməri ölkəmizdən keçəcək

Rusiyadan İrana çəkiləcək qaz kəməri ölkəmizdən keçəcək
17 Yan 2025 20:16

Rusiya və İran Azərbaycandan keçən qaz kəməri marşrutu ilə bağlı razılığa gəliblər və tədarükün qiymətinin razılaşdırılması üzrə danışıqlar yekun mərhələdədir.

TASS-ın yaydığı məlumata görə, bu barədə jurnalistlərə Rusiyanın energetika naziri Sergey Tsivilyev bildirib.

“Hazırda danışıqların yekun mərhələsindəyik - qiymətin təsdiqi üzərində işləyirik. Həcmlər artıq müəyyən edilib. Qiymət həmişə kommersiya məsələsidir, kompromis axtarışıdır, ona görə də hər iki tərəfdən işçi qrupları yaradılıb və mütəxəssislər qiymət müəyyənləşdirilməsinə yanaşma hazırlayır”, - o deyib.

Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin bəyan etmişdi ki, Rusiyadan İrana qaz kəmərinin çəkilməsi layihəsi davam edir, birinci mərhələdə tədarük potensial olaraq 2 milyard kubmetr təşkil edəcək və perspektivdə bunu 55 milyard kubmetrə çatdırmaq imkanı var.