2025-ci ildə Böyük Britaniyadan Ukraynaya hərbi yardımın həcmi rekord həddə - 4,5 milyard funt-sterlinq (5,5 milyard dollar və ya 563 milyard rubl-red.) təşkil edəcək. "Gazeta"nın yaydığı məlumata görə, bu barədə Britaniya hökumətinin bəyanatında qeyd edilib.
Sənəddə deyilir: "Artıq həyati vacib yardım üçün üç milyard funt sterlinq ayrılıb və G7 sxemi üzrə 2,26 milyard funt-sterlinq kreditin ilk 1,5 milyard funt-sterlinqi də böyük satınalma layihələri üçün buraxılacaq".
Bu vəsaitlərin Ukrayna üçün əlavə hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatları və lazımi avadanlıqların alınmasına sərf ediləcəyi dəqiqləşib. Britaniya hökuməti vurğulayıb ki, bu cür dəstək Böyük Britaniyanın sənaye sektorunun inkişafına və iqtisadi artıma töhfə verəcək. Çünki Ukraynanın ehtiyacları Britaniya şirkətləri tərəfindən ödəniləcək.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.