Sergey Lavrov: “İki pravoslav ölkəsi üçün vacib məsələləri katolik torpaqlarında həll etmək məqbul deyil”
Rusiya və Ukrayna arasında sülh danışıqlarının yeni raundu əsirlərin mübadiləsi başa çatdıqdan dərhal sonra baş tutacaq. Mübadilənin birinci mərhələsi ötən cümə günü Belarus-Ukrayna sərhədində baş tutub, ikinci mərhələ mayın 24-də, üçüncü mərhələ isə bu gün-mayın 25-də olacaq.
Xarici işlər naziri Sergey Lavrov artıq bəyan edib ki, Rusiya danışıqlarda “sülh memorandumu” layihəsini təqdim etməyə hazırdır. Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sbiqa isə “Zelenski ilə Putin arasında görüşün təşkili üzərində işlədiyini” deyib.
Yeni danışıqların harada keçiriləcəyi də hələ ki, bəlli deyil. İstanbuldakı danışıqlardan dərhal sonra bir çox Qərb nəşrləri növbəti raundun Vatikanda keçiriləcəyini yazıblar. “Bloomberg” yazır ki, bu versiya inandırıcı görünür, çünki Vatikan tarixən beynəlxalq münaqişələrin həllində fəal rol oynayıb,
Müqəddəs Taxt-Tac 1984-cü ildə Çili və Argentina arasında ərazi mübahisəsinin həllinə kömək edib. Daha sonra 2015-ci ildə ABŞ və Kuba arasında münasibətləri normallaşdırıb. Vatikan həmçinin Fələstin üçün sülh danışıqlarında da vasitəçilik edib. Lakin “Bloomberg” onu da vurğulayır ki, Kiyev rejimi Vatikanın (o cümlədən əvvəlki Papa Fransiskin) Ukrayna ilə bağlı mövqeyindən son dərəcə narazı idi.
Ukraynanın Vatikandakı səfiri Andriy Yuraş “The Washington Post” qəzetinə müsahibəsində bildirib ki, yeni Papa XVI Leonun konkret təklifləri yoxdur, yalnız münaqişənin dayandırılması üçün yalnız xoş arzu var.
“Bloomberg” yazır ki, Moskva Patriarxlığı Vatikanın danışıqlarda iştirakına şübhə ilə yanaşır, Ukrayna münaqişəsi kontekstində Müqəddəs Taxt-taca “tarixi rəqib” kimi baxır.
İki kilsə arasında da münasibətlər minimal olaraq qalır. Rus Pravoslav Kilsəsinin və Roma Katolik Kilsəsinin liderləri minillikdə (1054-cü il Böyük parçalanmadan sonra) ilk dəfə yalnız 2016-cı ildə Kubada şəxsən görüşüblər. Bütün bunlar Vatikanın sülh nizamlanmasında iştirak etmək cəhdlərinə ciddi əngəldir.
Sergey Lavrov artıq Vatikanın mümkün vasitəçiliyinin bu sözlərlə şərh edib: “İki pravoslav ölkəsi üçün katolik torpaqlarında ən vacib məsələləri həll etmək məqbul deyil”.
Daha bir vacib məqam: Putin “təhlükəsizliklə bağlı narahatlıqları” əsas gətirərək, danışıqlarda iştirak etmək üçün İtaliyaya getmə ehtimalı azdır. Ən azı o səbəbdən ki, İtaliyanın hələ də Beynəlxalq Cinayət Məhkəməsinin orderi ilə Putini həbs etmək öhdəliyi var.
“Bloomberg”in mənbələrinin məlumatına görə, Donald Tramp administrasiyası danışıqların ikinci mərhələsini təşkil etmək üçün Kiyevlə fəal əməkdaşlıq edir. Moskva israr edir ki, əvvəllər olduğu kimi Türkiyə sammitin keçiriləcəyi yer olaraq qalsın. Putin artıq telefon danışığı zamanı Trampla bu məsələni müzakirə edib və dialoq platforması kimi İstanbula üstünlük verdiyini vurğulayıb.
Mühüm detal Rusiya tərəfinin nə Vatikanda, nə də başqa yerdə Zelenski ilə birbaşa danışıqlar aparmağa hazır olmamasıdır. Lavrov artıq Zelenskinin legitimliyi məsələsini qaldırıb.
Belə olan halda Ukrayna adından kimin memorandumu imzalamaq hüququna malik olduğu aydın deyil. Çox güman ki, bu həssas məsələ Qərb vasitəçilərinin və təhlükəsizliyə zəmanət verən ölkələrin iştirakı ilə həll oluna bilər.
O da bildirilir ki, harada keçirilməsindən asılı olmayaraq, ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq və dövlət katibi Marko Rubio sammitə qatılacaq. Yeri gəlmişkən, amerikalılar Moskvadan Vladimir Medinskini növbəti danışıqlara göndərməməyi xahiş ediblər. Amerika rəsmiləri hesab edirlər ki, Medinski “sərt xətt tərəfdarı” kimi danışıqlara ziyan vura bilər. Yada salaq ki, İstanbuldakı ilk görüşdə Medinski bildirib ki, Rusiya uzun müddət döyüş meydanında vuruşmağa qadirdir. Eyni zamanda, jurnalistlər arasında ərazi mübahisəsi ilə bağlı Rusiya nümayəndə heyətinin bu xəbərdarlığı geniş səs-küyə səbəb oldu: dörd rayondan imtina etmək istəmirsinizsə, səkkiz rayondan imtina edəcəksiniz...
Qeyd edək ki, zaman-zaman müxtəlif siyasi şərhlərdə səsləndirdiyi fikirlərdən biri də Ukrayna-Rusiya sülh danışıqlarının Bakıda keçirilməsi ilə bağlı olub.