Prezident İlham Əliyev: “Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq”
Cənubi
Qafqaz regionunda onilliklər boyunca davam edən silahlı münaqişələrin başlıca
səbəblərindən biri Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçı və təxribat
xarakterli siyasətidir. 1988-ci ildə Dağlıq Qarabağda separatizmin
alovlanmasından başlayaraq, 2020-ci ilin Vətən müharibəsinə qədər davam edən bu
proses Azərbaycan torpaqlarının 20%-nin işğalı, yüz minlərlə insanın doğma
yurdlarından didərgin salınması və bölgədə humanitar fəlakətlə nəticələnmişdir.
1994-cü ildə Bişkek protokolu ilə atəşkəs razılaşması imzalansa da, Ermənistan
bu razılaşmaya sadiq qalmadı. Sonrakı illərdə cəbhə xətti boyunca Azərbaycan
Ordusunun mövqelərinə və sərhədyanı kəndlərdə yaşayan dinc əhaliyə qarşı
mütəmadi olaraq atəş açılması halları qeydə alınırdı. Azərbaycanın Tovuz, Ağdam, Füzuli, Tərtər və
digər sərhədyanı rayonlarında yaşayan əhali erməni silahlı qüvvələrinin açdığı
atəş səbəbindən gündəlik həyatda ciddi çətinliklərlə qarşılaşırdı. Məktəblər
dağıdılır, kənd təsərrüfatı işləri mümkün olmur, insanlar evlərində belə rahat
yaşaya bilmirdilər.
Məsələn,
Tərtər rayonu 2016 və 2020-ci illərdə Ermənistan ordusu tərəfindən məqsədli
şəkildə artilleriya atəşinə tutulmuş, nəticədə onlarla mülki şəxs həlak olmuş,
yüzlərlə ev dağıdılmışdır. Bu təxribatlar Ermənistanın yalnız hərbi deyil, həm
də psixoloji müharibə taktikasını seçdiyini göstərirdi. 30 il ərzində
Ermənistanın məqsədyönlü şəkildə həyata keçirdiyi təxribatlar və işğalçı
siyasət Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına ən böyük maneə
olmuşdur. Dinc əhalinin hədəf alınması, atəşkəsin pozulması, təxribat-diversiya
qruplarının göndərilməsi və sərhədyanı ərazilərdə sabitliyin pozulması
Ermənistanın destruktiv niyyətlərini açıq şəkildə nümayiş etdirirdi. 2016-cı
ilin aprel ayında Ermənistanın təmas xəttində törətdiyi növbəti genişmiqyaslı
təxribat nəticəsində dörd günlük müharibə baş verdi. Azərbaycan Ordusu
əks-hücumla bir sıra strateji mövqeləri azad etdi.
2020-ci
ilin iyul ayında isə Ermənistan bu dəfə Dağlıq Qarabağdan uzaqda – Tovuz
istiqamətində təxribat törətdi. Bu, münaqişənin coğrafiyasını genişləndirməyə
və regionda daha böyük bir qarşıdurma yaratmağa hesablanmışdı. 2020-ci il 27
sentyabrda Ermənistan ordu tərəfindən növbəti təcavüz aktı olmuşdur. Baş verən
bu təcavüz aktına cavab olaraq, Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal əks-hücum əmri verdi. Bu
əməliyyat təkcə hərbi yox, həm də hüquqi və siyasi baxımdan tam əsaslandırılmış
bir müdafiə tədbiri idi. Azərbaycanın bu addımı BMT Nizamnaməsinin 51-ci
maddəsinə əsasən, özünümüdafiə hüququ çərçivəsində həyata keçirilmişdir. Hədəf
– işğal altında olan torpaqların azad edilməsi, Ermənistanın təxribatlarının
qarşısının alınması və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması idi.
Azərbaycan
xalqı tarixən sülhsevərliyi, tolerantlığı və qonşuları ilə mehriban
münasibətlərə sadiqliyi ilə tanınıb. Lakin bu xoşməramlı münasibətlərə
baxmayaraq, Ermənistanın illərlə davam edən işğalçı siyasəti, təxribatları və
beynəlxalq hüququ açıq şəkildə pozması regionda sabitliyi ciddi şəkildə pozmuş,
nəhayət, 2020-ci ilin 27 sentyabr tarixində Azərbaycanın səbir kasasını
daşırmışdır. Məhz həmin gün Ermənistanın növbəti genişmiqyaslı hərbi təcavüzü
nəticəsində II Qarabağ Müharibəsi – 44 günlük Vətən Müharibəsi başlanmış və bu
müharibə Azərbaycanın şanlı qələbəsi ilə başa çatmışdır.
2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və
Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatla hərbi əməliyyatlara son
qoyuldu. Ermənistan kapitulyasiya aktına imza ataraq, Azərbaycanın qələbəsini
tanımağa məcbur oldu. Bəyanata əsasən, Kəlbəcər, Laçın və Ağdam rayonları
döyüşsüz şəkildə Azərbaycana qaytarıldı. Beləliklə, Azərbaycanın ərazi
bütövlüyü faktiki olaraq bərpa edildi. Bu mübarizədə canını fəda edən
şəhidlərimiz və sağlamlığını itirən, lakin ruhən uca olan qazilərimiz bizim
əbədi qürur mənbəyimizdir. Onların hər biri tarix yazdı, adlarını Azərbaycan
xalqının qəlbinə və dövlətimizin şanlı salnaməsinə həkk etdilər.
Şəhidlərimizin
qanı ilə suvarılan torpaqlar bu gün azaddır. Qazilərimizin döyüş meydanında
göstərdiyi şücaət bu gün qürurumuzdur. Onlar tarixə təkcə igid döyüşçü kimi
yox, həm də ədalətin, haqqın və milli mənliyin simvolu kimi düşdülər. Hər bir
şəhidin adı bu millətin yaddaşında əbədi yaşayacaq, onların ruhu hər zaman
bizimlə olacaq. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş
Komandan İlham Əliyev demişdir ki, Birinci Qarabağ və İkinci Qarabağ
müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq: “Allah bütün
şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz
torplaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar
tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən
gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz,
zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq.
Biz bu Qələbəyə görə onlara borcluyuq”.
Vətən
müharibəsində əldə olunan zəfərin ən mühüm dayaqlarından biri də xalqımızın
nümayiş etdirdiyi milli birlik və həmrəylik idi. 30 illik həsrətə son qoymaq
üçün bütün Azərbaycan xalqı bir amal, bir məqsəd, bir niyyət uğrunda səfərbər
oldu. Arxa cəbhədə çalışan müəllim, həkim, fəhlə, könüllü gənclər – hər kəs
ordumuzun gücünə güc qatdı. Dualar ön cəbhəyə, güvən və dəstək isə igid
əsgərlərimizin ruhuna çevrildi. Bayrağımızın üç rəngi daha da ucaldı, milli ruh
daha da gücləndi. Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşdi və sübut
etdi ki, torpaq uğrunda ölən varsa, Vətəndir! Vətən müharibəsi ilə Azərbaycan
yalnız torpaqlarını azad etmədi – həm də qalib ölkə statusunu qazandı. Artıq
biz bir müzəffər xalq, bir qəhrəman dövlət kimi tarixə düşdük. Bu Qələbə bizə
öz gücümüzə inam, sarsılmaz ruh, və ən əsası – daha güclü gələcək inşası üçün
möhkəm təməl verdi.
27 Sentyabr 2020-ci il – Ermənistanın növbəti
hərbi təxribatı ilə başlayan II Qarabağ Müharibəsi, Azərbaycanın tarixində
dönüş nöqtəsi oldu. Səbir kasası daşan Azərbaycan, öz tarixi torpaqlarını hərbi
və diplomatik yollarla azad edərək, beynəlxalq hüququn təntənəsini təmin etdi.
Anım Günü isə bu möhtəşəm zəfərin və bu yolda canından keçən qəhrəmanlarımızın
simvoludur. Azərbaycan xalqı öz torpağında daim sülh, sabitlik və ədalət
arzulayır. Lakin eyni zamanda bir daha sübut etdi ki, əgər bu prinsiplər təhdid
edilərsə, ölkə xalqı və ordusu bu təhdidlərə cavab verməyə tam hazırdır.
Səyavuş Qasımov
Avrasiya Universitetinin rektoru,
siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent