Qlobal geosiyasi qarşıdurmaların dərinləşməsi dünyada nüvə silahlarına marağı yenidən artırıb.
News365.az xəbər verir ki, bu barədə politoloq Zeynal Əmrəliyev açıqlama verib.
Onun sözlərinə görə, hazırkı beynəlxalq sistem tıxanma nöqtəsinə çatıb və mövcud münaqişələr daha mürəkkəb hal alır:
“Dünyada gedən lokal müharibələr və böhranlar göstərir ki, artıq qlobal sistem vəziyyəti idarə etmək gücündə deyil. Bu isə yenidən nüvə silahı kimi güc balansı yaradan faktora diqqətin artmasına səbəb olur.”
Politoloq qeyd edib ki, nüvə silahının önə çıxması yeni deyil — bu silahlar II Dünya müharibəsindən sonra və Soyuq müharibə dövründə ABŞ və SSRİ arasında əsas güc tarazlığı elementi olub:
“Mixael Qorbaçov və Ronald Reyqan dövründə aparılan danışıqlar nüvə arsenalını azaltmağa gətirdi, bundan sonra SSRİ-nin çökməsi və sosialist blokunun dağılması baş verdi.”
Zeynal Əmrəliyevin sözlərinə görə, dünya yenidən oxşar mərhələyə qayıdır:
“Rusiyanın Ukrayna müharibəsində aktiv iştirakı, Suriyada hərbi varlığını saxlaması, ‘Vaqner’ vasitəsilə Afrikada təsir zonasını genişləndirməsi Moskvaya yeni güc mərkəzi kimi mövqe qazandırır. Çin və Şimali Koreya ilə birlikdə Asiya-Sakit okean regionunda keçirilən hərbi təlimlər isə Yaponiyaya və Cənubi Koreyaya açıq mesajdır.”
Politoloq hesab edir ki, geosiyasi rəqabət artdıqca nüvə silahlarının beynəlxalq gündəmə qayıtması təəccüblü deyil.