Prezident İlham Əliyev: “Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb”
Azərbaycanın işğaldan azad olunmuş
ərazilərində həyata keçirilən yenidənqurma və ictimai-siyasi tədbirlər arasında
ən çox diqqət çəkənlərdən biri də Şuşa Media Forumudur. 2023-cü ildən etibarən
keçirilən bu tədbir artıq ənənəvi xarakter almış və regionun media gündəmini
formalaşdıran əsas platformalardan birinə çevrilmişdir. Forumun məqsədi təkcə
Azərbaycan mediasının inkişafına töhfə vermək deyil, eyni zamanda qlobal
informasiya mühitində baş verən dəyişiklikləri, çağırışları və perspektivləri
müzakirə etməkdir.
2025-ci ilin
19-21 iyulunda “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media
dayanıqlılığının gücləndirilməsi” mövzusunda forumun Xankəndidəki Zəfər
meydanında, yeni Konqres Mərkəzində təşkil olunması dərin rəmzi məna daşıyır.
Bu qərar Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və post-münaqişə
dövründə həyata keçirilən yenidənqurma siyasətini bütün dünyaya nümayiş
etdirmək məqsədi daşıyır. Zəfər meydanı yalnız coğrafi məkan deyil, eyni
zamanda siyasi iradənin, milli həmrəyliyin və tarixi ədalətin təcəssümüdür.
Qeyd edək, 52 ölkədən 140-a yaxın xarici qonağın, o cümlədən 30-dan çox
informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu,
həmçinin sahə üzrə əlaqəli digər təşkilatlardan nümayəndələrin qatıldıqları
Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayır.
Bu il
keçirilən forumda müzakirə olunan mövzular sadəcə Azərbaycan mediası ilə
məhdudlaşmadı. Əsas istiqamətlər bunlar oldu: qlobal informasiya mühiti və
dezinformasiya ilə mübarizə, media azadlığı və jurnalistlərin təhlükəsizliyi
Rəqəmsallaşma
və süni intellektin mediaya təsiri, postmünaqişə bölgələrində media və sosial
məsuliyyət, Azərbaycanın informasiya müharibəsində təcrübəsi, bütün bu mövzular
dünyada baş verən sürətli dəyişikliklər fonunda aktualdır. 2024–2025-ci illər
ərzində baş verən beynəlxalq gərginliklər, informasiya manipulyasiyası və media
institutlarına təzyiqlər bu cür platformaların nə qədər vacib olduğunu bir daha
göstərdi.
Şuşa Media Forumu həm də yerli jurnalistlər və
media qurumları üçün bir platformadır ki, beynəlxalq təcrübə ilə tanış
olsunlar, əməkdaşlıq imkanları yaratsınlar. Forumda iştirak edən müxtəlif
ölkələrin media nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və fikir
liderləri arasında yaradılan açıq dialoq, Azərbaycan mediasının inteqrasiyasına
mühüm töhfə verir. Bu forum, həmçinin media təhsilinin, peşəkar jurnalistikanın
və etika məsələlərinin də gündəmə gətirilməsi baxımından önəmlidir. Prezident
İlham Əliyev III Şuşa Qlobal Media Forumunda çıxışında bildirib ki, Şuşa Media
Forumu artıq ənənəvi xarakter alıb: “Ümid edirəm ki, bu ənənə davam edəcək və
vaxt keçdikcə qonaqların sayı artır, coğrafi əhatə daha da genişlənir. Bütün
bunlar bir daha göstərir ki, ən mühüm mövzuların mehriban şəraitdə açıq
müzakirələrinə böyük ehtiyac var. Söhbət təkcə mediadan deyil, həmçinin qlobal
gündəlikdən gedir. Dünyada vəziyyət sürətlə dəyişir. Əgər ötən il Şuşada
keçirilmiş Forumdan başlasaq görərik ki, nə qədər çox dəyişikliklər baş verib.
Əlbəttə ki,
ilk növbədə, mətbuat belə tədbirlərə qatılır, bütün hekayələri söyləyir, bu
dəyişiklikləri, hadisələri təsvir edir və öz cavabını, rəyini bildirir. Bugünkü
görüşü burada, yeni tikilmiş Konqres Mərkəzində, Xankəndinin Zəfər meydanında
keçirmək qərarına gəldik. Beləliklə, əminəm ki, bura qonaqlar üçün maraqlı
olacaq, yenidənqurma, eləcə də 30 ildən artıq bu yerlərdən didərgin düşmüş insanların
qayıtması baxımından ərazilər azad olunandan sonra görülmüş işlərə baxmaq
cəlbedici olacaq”. Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci ilin iyul
ayında keçirilən III Şuşa Qlobal Media Forumunda etdiyi çıxış yalnız ölkə
səviyyəsində deyil, beynəlxalq ictimaiyyət üçün də mühüm mesajlar ehtiva
edirdi. Əldə edilən siyasi, hərbi və informasiya uğurlarının fonunda baş tutan
bu çıxış, həm ölkədaxili ictimai rəyə, həm də beynəlxalq informasiya məkanına
strateji bir baxış təqdim etdi.
Azərbaycan
hökumətinin həyata keçirdiyi “Böyük Qayıdış” proqramı çərçivəsində, işğaldan
azad edilmiş torpaqlara əhalinin köçürülməsi prosesi davam edir. Bu prosesin
mediada düzgün və obyektiv işıqlandırılması, yerli və beynəlxalq ictimaiyyətə
real vəziyyətin çatdırılması baxımından xüsusi önəm daşıyır. Şuşa Media Forumu
bu istiqamətdə informasiya mübadiləsi üçün körpü rolu oynayır.
Şuşa Media
Forumu, Azərbaycanın informasiya siyasətində və media strategiyasında mühüm yer
tutur. Qarabağın bərpası və ictimai rəyin formalaşması, forumun əsas fonunu
təşkil edir. Qlobal kontekstə bağlılıq, Azərbaycanın media mühitinin beynəlxalq
arenada da aktiv iştirak etməyə çalışdığını göstərir. Zəfər meydanında
keçirilən tədbir, həm rəmzi, həm də siyasi mesaj daşıyır – bu ərazilərin
nəzarətə qaytarılması və yenidən qurulması vurğulanır. Prezident İlham Əliyevin
III Şuşa Qlobal Media Forumundakı çıxışı, dövlətin media ilə münasibətlərində
yeni mərhələnin əsasını qoydu. Çıxışda ifadə olunan fikirlər, yalnız cari
məsələlərə deyil, həm də gələcək illərdə Azərbaycanın informasiya siyasətinin
necə qurulacağına işarə edir. Bu çıxış, Azərbaycanın regional gücdən qlobal
informasiya oyunçusuna çevrilmək istəyini və potensialını ortaya qoydu. Şuşa və
Xankəndidən verilən mesaj, yalnız region üçün deyil, bütün dünya üçün önəmli
bir çağırış idi: dezinformasiyaya qarşı birlik, sülhə və həqiqətə xidmət edən
media!
Şuşa Media Forumu artıq yalnız bir tədbir
deyil – o, dəyərlər sisteminə və gələcəyə baxışa çevrilib. Forumun Şuşada və
Xankəndidə keçirilməsi Azərbaycanın informasiya suverenliyi ilə yanaşı, mədəni
və siyasi suverenliyini də əks etdirir. Hər dəfə bu cür tədbirlərin təşkili,
informasiya cəbhəsində uğurların təməlini qoyur. Gələcəkdə bu forumun
coğrafiyasının və iştirakçı sayının genişlənməsi gözlənilir. Beləliklə, Şuşa və
ümumilikdə Qarabağ, yalnız mədəniyyətin deyil, həm də söz azadlığının və
informasiya dialoqunun mərkəzi kimi dünya gündəminə çıxacaq.
Aybəniz Rüstəmova
Avrasiya universitetinin Humanitar fənlər və
regionşünaslıq
kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru,
dosent