Rusiya prezidenti Vladimir Putin hesab edir ki, indiki Kiyev hökuməti nəticədə xaricə qaçacaq. O, bu barədə dekabrın 16-da Rusiya Federasiyası Müdafiə Nazirliyinin kollegiyasının genişləndirilmiş iclasında çıxışı zamanı bildirib.
Dövlət başçısı çıxışında Ukrayna dövlətçiliyinin itirilməsinin əlamətlərindən və bu ölkədə səfərbərlik yaşının aşağı salınmasından danışıb. O qeyd edib ki, Kiyev hakimiyyəti Ukrayna xalqının maraqlarını qorumur və bu gün bu proseslər artıq göz qabağındadır.
"Və sonra rejimin həmin fiqurları müəyyən pərdə altında xaricə qaçacaqlar",- deyə Rusiya lideri bildirib.
O, həmçinin xatırladıb ki, Ukraynadakı son illərin bəzi fiqurları artıq xaricə qaçıb və “Ukrayna xalqından pul oğurladıqları üçün özlərini yaxşı hiss edirlər”.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.