Ukrayna münaqişəsinin sonu Avropa İttifaqının dağılmasına səbəb ola bilər. Bu barədə Rusiya Federasiya Şurasının informasiya siyasəti komissiyasının rəhbəri Aleksey Puşkov özünün Teleqram kanalında bildirib.
O, Kiyevin məğlubiyyətindən sonra Avropa İttifaqının “Ukrayna sindromu” ilə üzləşəcəyinə inanır. Bu, Brüsselin qüdrətinin zəifləməsinə və bir sıra dövlətlərin Aİ-dən ayrılmasına qədər Avropa inteqrasiyası böhranına, gələcəkdə isə birliyin mümkün dağılmasına gətirib çıxaracaq.
Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron ABŞ-yə səfəri zamanı bildirmişdi ki, Paris və London Ukraynanın təhlükəsizliyini təmin etmək üçün strategiya hazırlayıb. Bu strategiyaya münaqişə zonasına hərbi kontingent göndərilməsi də daxil ola bilər.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural