Prezident İlham Əliyevin sentyabrın 20-də xalqa müraciəti dünya mətbuatında geniş işıqlandırılıb. Türkiyənin nüfuzlu kanallarında, qəzetlərində və digər elektron nəşrlərində dövlət başçısının Azərbaycanın Ermənistana lazımi cavab verməsi barədə fikri xüsusi vurğulanıb. Kriminal xunta rejimi təslim olandan sonra gərginlik mənbəyinin, zəhər yuvasının artıq tarixdə qalması və Qarabağda yaşayan erməni əhalisinin də nəhayət rahat nəfəs ala biləcəyi barədə fikrinə istinad edilib. Azərbaycanın Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinə qarşı həyata keçirdiyi antiterror tədbirləri və Prezident İlham Əliyevin xalqa müraciəti Rusiya mətbuatının da diqqət mərkəzindədir. TASS agentliyi dövlət başçısının Azərbaycan Ordusunun qarşıya qoyulan vəzifəni peşəkarlıqla yerinə yetirməsi, qəhrəmanlıq və şücaət göstərməsi barədə dediklərini diqqətə çatdırıb. “Qazeta.ru” nəşri Azərbaycanın antiterror tədbirləri zamanı qarşıya qoyulan məqsədlərə nail olduğunu yazıb. Nəşr xatırladıb ki, Azərbaycan antiterror tədbirlərinə genişmiqyaslı təxribatlardan sonra başlayıb və erməni qoşunlarını öz ərazisindən çıxarıb. “NTV” telekanalı Azərbaycan Prezidentinin Qarabağda aparılan əməliyyatın tamamilə legitim, qanuni və ədalətli olması barədə fikirlərini sitat gətirib. Azərbaycan Ordusunun həyata keçirdiyi lokal antiterror tədbirlərini uğurla başa çatdırması İran mətbuatında da dərc olunub. Bildirilib ki, Azərbaycan məqsədinə nail olaraq suverenliyini bərpa etdi. Prezident İlham Əliyevin xalqa müraciəti və müraciəti zamanı söylədiyi fikirlər Gürcüstan mediasının, Macarıstan, Ərəb ölkələrinin kütləvi informasiya vasitələrinin də diqqət mərkəzində olub. Məlumatlarda Azərbaycan Prezidentinin Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin bundan sonra dinc yaşayacaqları, regionda yeni dövrün başlanacağı barədə fikirləri xüsusi qeyd olunub.