Politoloq: "İsfahandakı hadisə İran daxilindəki parçalanmanın göstəricisidir"

Politoloq: "İsfahandakı hadisə İran daxilindəki parçalanmanın göstəricisidir"
14:00

İyunun 6-da İsfahan şəhərində qondarma "Dağlıq Qarabağ Respublikası" - digər adı ilə "Artsax"ın bayraq gününün qeyd edilməsi sosial şəbəkə platformalarında ciddi müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı danışan politoloq Aqil Məmmədov bildirib ki, bu hadisə İranın xarici siyasətindəki ziddiyyətlər fonunda qiymətləndirilməlidir:

"Məsud Pezeşkianın İran İslam Respublikasının prezidenti seçilməsindən sonra Tehran-Bakı münasibətlərinin normallaşdırılması istiqamətində ciddi addımlar atıldı. Bu siqnallar Azərbaycan tərəfindən də müsbət qarşılandı. İran prezidentinin Azərbaycana səfəri və həmin səfər çərçivəsindəki gündəlik, eyni zamanda? müzakirələrin atmosferi iki ölkə arasında yeni səhifənin açılmasına imkan yaratdı".

Ekspert qeyd edib ki, Azərbaycan tərəfi son proseslərdə açıq və balanslı mövqe nümayiş etdirib:

"Rəsmi Bakı dəfələrlə bəyan edib ki, öz ərazisindən İrana qarşı heç bir əməliyyata icazə verməyəcək. Rəsmi Bakı da iki ölkə arasında müşahidə edilən pozitiv atmosferi davam etdirməkdə maraqlıdır. Prezidentlərin son günlərdə baş tutmuş telefon danışığı da iki ölkə arasında əməkdaşlığın davam etdirilməsinə olan qarşılıqlı marağı göstərir".

Lakin politoloq vurğulayıb ki, İran xarici siyasətdə müəyyən vahid mövqe sərgiləsə də, daxili siyasətdə kifayət qədər qütbləşib:

"Burada eyni məsələyə mərkəzi hakimiyyət bir formada, dini kəsim fərqli formada, yerli idarəetmə tam fərqli münasibət sərgiləyə bilərlər. İsfahandakı tədbir də bu daxili ziddiyyətlərin nəticəsidir. Belə bir tədbirin yerli idarəetmənin və xüsusi xidmət orqanlarının xəbəri və razılığı olmadan keçirilməsi mümkün deyil".

Politoloq əlavə edib ki, bu hal eyni zamanda İranda ikili standartların mövcudluğunu üzə çıxarır:

"İranda 35-40 milyona yaxın azərbaycanlı yaşayır. Bu insanların ana dilində təhsil hüquqları məhdudlaşdırılır, mədəniyyətlərini yaşatmalarına müxtəlif maneələr yaradılır. Lakin uydurma bir ölkənin mövcud olmayan rəngli parçası üçün mərasim keçirilməsinə maneçilik törədilmir. Bu klassik ikili standart göstəricisidir və bu hadisəyə İran azərbaycanlıları ciddi etiraz etməlidirlər".

Məsələnin digər önəmli tərəfinə toxunan Aqil Məmmədov bildirib ki, "Artsax" rejimi terrorçu rejim olub və Azərbaycan xalqına qarşı terror və etnik təmizləmə siyasəti həyata keçirib:

"Bu rejim yalnız Azərbaycan Ordusunun hərbi əməliyyatları ilə məhv edilib. Onun rəhbər şəxsləri bu gün ədalət məhkəməsi qarşısında cavab verirlər. İşğaldan azad edilmiş ərazilərdə hər gün bu rejimin törətdiyi vəhşiliklərin izlərinə - kütləvi məzarlıqlara, tarixi abidələrin dağıdılmasına, ekoloji terror aktlarına rast gəlirik".

Ekspert hesab edir ki, İranda terror rejimi olmuş qurumun rəmzlərinə tədbir həsr edilməsi həmin rejimin reanimasiya cəhdləri kimi də qiymətləndirilə bilər:

"Bu kimi aksiyalarla İranda fəaliyyət göstərən bəzi antitürk və anti-Azərbaycan dairələr Ermənistanın terrorçu keçmişini dirçəltmək, eyni zamanda Azərbaycan, Türkiyə və Qərbin regionda artan iqtisadi nüfuzuna qarşı təxribatlar hazırlamaq istəyirlər. Türkiyə illərlə mübarizə apardığı PKK terrorunu məhv etməyə, Azərbaycan isə ərazi bütövlüyünü bərpa edib və daxildə terrorun kökünü kəsməyə nail olub".

Sonda politoloq vurğulayıb ki, İsfahandan yayılan bu görüntü ciddi mesajdır və bu mesaj həm diplomatik korpus, həm də təhlükəsizlik strukturları tərəfindən ciddiyə alınmalı, onun təkrarlanmasının qarşısını almaq üçün qəti və adekvat addımlar atılmalıdır.


Sizin reklam burada
Sizin reklam burada