Ermənistanda dövlət-din qarşıdurması dərinləşməkdədir. Yerli medianın yaydığı məlumata görə, baş nazir Nikol Paşinyanın katolikosa qarşı hücumları yaxın günlərdə daha da genişləndiriləcək. “Joğovurd” qəzeti yazır ki, hakim partiyanın idarə heyətinin dünənki iclasının əsas mövzularından biri məhz katolikosların hazırki mövqeyindən uzaqlaşdırılması məsələsi olub:
"Hökumətdəki mənbələrimizin verdiyi məlumata görə, "Vətəndaş müqaviləsi" partiyası İdarə Heyətinin üzvləri bir daha təkid ediblər ki, nəyin bahasına olursa-olsun, ali patriarxı və onun ətrafına toplanmış ruhaniləri zəiflətmək lazımdır. Həmçinin Paşinyanın qalmaqala səbəb olan “Katolikosun övladı varmı?" sualını daha çox ictimailəşdirmək də tələb olunub".
Müəllif yazıb ki, partiyanın idarə heyətinin demək olar ki, bütün üzvləri ali dini rəhbərə qarşı təzyiqlərin davam etdirilməli olduğunu təkid ediblər: "Əldə etdiyimiz məlumata görə, bir gün əvvəl hava limanına gedərək II Qaregini dəstək məqsədilə qarşılayan bütün müxalifət qüvvələrinə də təzyiqlər artacaq.
İqtidar nümayəndələri belə hesab edirlər ki, müxtəlif siyasi qüvvələr bu məsələdə siyasi dividendlər qazanmağa çalışacaqlar və yaxın vaxtlarda bunun qarşısı alınmalıdır”.
Qeyd edək ki, son günlər Paşinyan II Qareginə qarşı sərt ittihamlar səsləndirir. O, ilk olaraq deyib ki, Qareginin subaylıq andını pozduğu və uşağı olduğu məlum olarsa, o, bütün ermənilərin katolikosu ola bilməz.
Bununla yanaşı, Paşinyan hər kəsin şəxsi və ailə həyatının məxfiliyinə hörmətlə yanaşdığını bildirib: “Lakin bütün ermənilərin katolikosunun bu cür şəxsi həyatı ola bilməz.Mən bu problemi Erməni Apostol Kilsəsinin davamçısı kimi qaldırıram, çünki bunu mənəvi təhlükəsizlik problemi kimi görürəm. Bu sözləri həm də Ermənistanın baş naziri kimi deyirəm, çünki bunu dövlət təhlükəsizliyi problemi kimi görürəm".
Tural