Paşinyanın açıqlamaları sülh mühitinin formalaşmasına xidmət edir

Paşinyanın açıqlamaları sülh mühitinin formalaşmasına xidmət edir
06 Yan 2026 15:57

Politoloq Oqtay Qasımov Ermənistanın baş naziri Nikol Paşinyanın son açıqlamalarını şərh edib. 

News365.az-a danışan politoloqun sözlərinə görə, Paşinyanın bugünkü bəyanatları kifayət qədər maraqlı və çoxşaxəlidir.


O bildirib ki, açıqlamalarda Azərbaycan–Ermənistan münasibətləri, Türkiyə ilə sərhədlərin açılması, xüsusilə də Ermənistan dəmir yollarının yenidən işlək vəziyyətə gətirilməsi və bu prosesdə Rusiyanın rolu ilə bağlı mühüm məqamlar yer alıb.

Oqtay Qasımovun sözlərinə görə, Paşinyan eyni zamanda Azərbaycandan Ermənistana daşımalar, eləcə də Ermənistan–Azərbaycan arasında ticarətin başlanması məsələlərinə də toxunub. Politoloq hesab edir ki, bu addımlar qarşıdakı dövrdə sülh müqaviləsinin imzalanmasına qədər etimad mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Müsahib qeyd edib ki, Azərbaycan 8 avqust Vaşinqton görüşlərindən sonra verdiyi öhdəliklərə sadiq qalaraq sülh prosesinin möhkəmləndirilməsi və regionda əməkdaşlıq mühitinin yaradılması istiqamətində real addımlar atır. Onun sözlərinə görə, bu addımlardan biri Ermənistan üçün tranzit məhdudiyyətlərinin aradan qaldırılması olub.

Politoloq əlavə edib ki, simvolik olaraq kənd təsərrüfatı məhsullarının həm Qazaxıstan, həm də Rusiyadan Ermənistana daşınmasına şərait yaradılıb. Bununla yanaşı, Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya əsasən, Azərbaycan mənşəli neft məhsulları və yanacağın Ermənistana çatdırılması təmin edilib. Bu daşımalar Gürcüstan ərazisi vasitəsilə həyata keçirilib və Gürcüstan ilkin mərhələdə birinci partiya üçün tranziti ödənişsiz həyata keçirib.

Oqtay Qasımovun sözlərinə görə, yayılan məlumatlar Gürcüstanın növbəti mərhələlərdə tranzit haqqı kimi təklif etdiyi məbləğin kifayət qədər yüksək olduğunu göstərir və bu, Ermənistanı qane etmir. Politoloq vurğulayıb ki, məhz bu səbəbdən Ermənistanın baş naziri bir müddət əvvəl Gürcüstanın mövqeyində dəyişiklik olacağı təqdirdə alternativ marşrutların gündəmə gələ biləcəyini də istisna etməyib.


Sizin reklam burada
Sizin reklam burada