"Paşinyan bu təkliflə sülhdə maraqlı olduğunu göstərmək istəyir"- Turan Rzayev

"Paşinyan bu təkliflə sülhdə maraqlı olduğunu göstərmək istəyir"- Turan Rzayev
27 Sen 2024 10:15

"Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın noyabrda Bakıda keçiriləcək COP29 iqlim konfransına qədər sülh sazişinin artıq razılaşdırılmış maddələrini imzalamağa dəvət edib. Baş nazir vurğulayıb ki, məqsəd sülh prosesinin inkişafı üçün stimullaşdırıcı mühit yaratmaqdır."

Politoloq Turan Rzayev bunu News365.az-a açıqlamasında deyib.

"Prinsipcə, Paşinyanın bu təklifi onun bir müddət öncə dediyi “Ermənistanla Azərbaycan arasında sülh sazişi layihəsində 13 maddə və preambula tam razılaşdırılıb” fikirinin başqa bir ifadəsidir. Yəni Paşinyan razılaşdırıldığı iddia edilən 13 maddə və preambula əsasında sülh sazişinin imzalanmasını istəyir.

Bakı hələlik bu bəyanata rəsmi cavab verməsə də, hesab edirəm, təklif qəbul edilməyəcək. Məsələ ondadır ki, razılaşdırılan 13 maddənin nələr olduğu açıqlanmasa da, razılaşdırılmayan 3 maddə ilə bağlı ilkin fikirlər söyləmək mümkündür:

Ermənistan konstitusiyasının Azərbaycan və ətraf ölkələrə ərazi iddiası ehtiva edən maddələrinin dəyişdirilməsi;

10 Noyabr bəyanatında qeyd olunan “maneəsiz hərəkət prinsipi”nin təmin edilməsi;

Delimitasiya və demarkasiya prosesinin gələcəyinə dair razılığın olması.

Son günlər Bakının İrəvandan təzminat tələb etməsi və bu məsələ ilə bağlı beynəlxalq məhkəməyə müraciət etməyə hazırlaşması da sülh sazişində bu məqamın 17-ci maddə ola biləcəyi ehtimalını artırır.

Azərbaycan indiki məqamda Ermənistandan daha çox sülhü istəyir. Lakin İrəvanın təklifləri konkret deyil və gələcəkdə münaqişənin yenidən alovlanmasının qarşısını alacaq bəndləri özündə ehtiva etmir. Bakı ən yaxşı halda konstitusiya dəyişikliyindən sonra Ermənistanla ilkin sülh müqaviləsi imzalaya bilər.

Aydın məsələdir ki, Paşinyan bu təkliflə həm də sülhdə maraqlı olduğunu göstərmək istəyir. Bu, onun tez-tez müraciət etdiyi variantdır. Lakin erməni baş nazirin sülh haqqında dedikləri ilə İrəvanın intensiv silahlanması arasında təzad var. Sülhdə maraqlı olan bir ölkə silahlanmaya meyilli olmamalıdır."


Youtube kanalımız

Oxşar xəbərlər