Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqının (Aİ) Ukraynanın təcili şəkildə birliyin tərkibinə daxil edilməsi planlarının Budapeştə qarşı "açıq müharibə elanı" olduğunu bildirib.
News365.az-ın xəbərinə görə, bu barədə Viktor Orban özünün "X" hesabında yazıb.
Orban Brüssel və Kiyev tərəfindən razılaşdırılmış beş maddədən ibarət planı təqdim edən "Politico" nəşrinin paylaşımına istinad edib. Bu plana əsasən, Ukrayna artıq 2027-ci ildə Aİ-nin üzvü ola bilər.
"Brüssel elitasının rəsmi nəşri olan "Politico" Brüssel və Kiyevin son müharibə planını dərc edib... Bu yeni plan Macarıstana qarşı açıq müharibə elanıdır", - deyə Orban bildirib.
Onun sözlərinə görə, Aİ rəhbərliyi Macarıstan xalqının mövqeyini görməzdən gəlir və ölkədə hakimiyyət dəyişikliyinə nail olmaq niyyətindədir. Orban bəyan edib ki, Brüssel Macarıstanda müxalifətin hakimiyyətə gəlməsində maraqlıdır, çünki bu halda veto hüququ və Aİ qərarlarına müqavimət olmayacaq. Orban, həmçinin aprel ayında keçiriləcək qarşıdan gələn seçkidə bu planların dayandırılmasına çağırıb.