Ölüm sevinməsin qoy...- Yaddaşlarda, tarixdə yaşayan Afad Qurbanov fenomeni

Ölüm sevinməsin qoy...- Yaddaşlarda, tarixdə yaşayan Afad Qurbanov fenomeni
26 Sen 2024 10:18

 

Bu gün Qərbi Azərbaycanda anadan olmuş, görkəmli ictimai və elm xadimi, müasir Azərbaycan Əlifbasının müəllifi, Azərbaycan Əlifbası Komissiyasının sədri, Ortaq Türk Əlifbasının təşəbbüskarı və tərtibatçısı, AMEA-nın həqiqi üzvü, professor Afad Qurbanovun xatirə günüdür. Düz 15 il əvvəl 2009-cu ilin bir ilıq payız günündə bu böyük şəxsiyyət gözlərini əbədi olaraq yumdu. Amma böyük Səməd Vurğun demişkən:

Ölüm sevinməsin qoy, ömrünü vermir bada,

El qədrini canından əziz bilənlər.

Əziz bir xatirə kimi qalacaqdır dünyada,

Sevərək yaşıyanlar, sevilərək ölənlər!

Bəli, gedən Afad müəllimin cismi idi. Onun ruhu hələ də bizimlədir.

Afad Qurbanov  yaddaşlarda görkəmli dilçi-alim, türkoloq, elm və təhsil təşkilatçısı, ictimai-siyasi xadim, Azərbaycan dilçilik elmində elmi məktəb yaratmış bir alim, vətənpərvər insan kimi qalıb. O mənalı ömründə çox böyük uğurlara imza atıb, bir çox mənsəblərə sahib çıxıb. Məsələn, Afad Qurbanov  Azərbaycan Əlifba Komissiyasının sədri və hazırkı Latın qrafikalı Azərbaycan əlifbasının müəllifi,  Azərbaycan SSR-i Natiqlik Cəmiyyətinin sədri, SSRİ Pedaqoji Elmlər Akademiyasının akademiki,  Azərbaycan SSR-i Elmlər Akademiyasının üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuşdu. Filologiya elmləri doktoru, professor adını alan Afad müəllim həm də Əməkdar elm xadimi, Azərbaycan SSR dövlət mükafatı lauratı idi.


Təkcə bir faktı deyək ki, Azərbaycan dilçiliyində fonetika Ə. Dəmirçizadənin, leksikologiya S. Cəfərovun, dialektologiya M. Şirəliyevin, morfologiya M. Hüseynzadənin, sintaksis Ə. Abdullayevin, dil tarixi H. Mirzəzadə, Ə. Dəmirçizadə və T. Hacıyevin, morfologiya F. Cəlilovun, onomalogiya isə Afad Qurbanovun adı ilə bağlıdır. Onun onomalogiyaya dair 100-ə qədər məqaləsi "Azərbaycan onomastikası" "Azərbaycan onomalogiyası məsələləri"  "Poetik onomastika", "Azərbaycan dilinin onomalogiyası" kimi sanballı monoqrafiyaları çap olunub. Bu əsərlərdə onomastik vahidlərin tədqiqi tarixi, onomastik mənbələr, onomalogiyanın elmi-nəzəri məsələləri kompleks və sistemli şəkildə tədqiq edilib. Azərbaycan dilçiliyi tarixində ilk dəfə olaraq antroponimlərin inkişafı dövrlərini müəyyənləşdirən, hər bir dövrün səciyyəvi cəhətlərini konkret dil faktları ilə əsaslandıran da Afad müəllim olub.


Afad müəllimin pedaqoji fəaliyyəti də çox geniş miqyaslıdır. O uzun müddət o zamankı Prdaqoji İnstitutun rektoru vəzifəsini daşıyıb. Yaşlı nəsil çox gözəl xatırlayır ki, onun rəhbərliyi dövründə həmin İnstitutda necə ali təhsil intizamı yaradılmışdı.Ali təhsil onun tərəfinfən necə ustalıqla idarə edilirdi. Hər bir məsələyə fərdi yanaşması olan Afad müəllimin təkcə tələbələrin deyil, həm də müəllimlərin də işinə xüsusi baxışı vardı. Bu mənada elmin idarə olunmasında da Afad Qurbanovun xidmətləri çox yüksəkdir.Bu sahədə o çox böyük bir təcrübə qoyub gedib.

Afad Qurbanovla bağlı News365.az –a danışan  AMEA-nın həqiq üzvü, akademik, Milli Məclisin deputatı Nizami Cəfərov bildirdi ki, Afad Qurbanov Azərbaycan elmində və ictimai həyatında çox nəhəng bir şəxsiyyət olub:

“Azərbaycanda dilçiliyin elə bir sahəsi olmayıb ki, Afad müəllim onunla məşğul olmasın. Azərbaycan dilçiliyinin ən müxtəlif sahələri- dilin tarixindən başlamış müasir dövrünə qədər, onun müxtəlif üslublarına qədər, türkologiyanın ən müxtəlif sahələri, türk dilçiliyinin fərqli şöbələri onun tədqiqat predmeti olub. Ümumi dilçilik sahəsində Afad müəllim bizim ilk dilçi alimimiz hesab oluna bilər. Onun ən böyük elmi nailiyyətlərindən biri və bəlkə də birincisi anomastika - yəni xüsusi adlar sahəsindəki apardığı tədqiqatlardır. O bu sahədə təkcə tədqiqatlar aparmayıb, həm də bu sahədə tədqiqatların kordinasiyasını həyata keçirib. Uzun illər Afad müəllimin rəhbərliyi ilə Pedaqoji İnstitutda yalnız Azərbaycan dilçiləri yox, bütün türk dünyasından gələn dilçilərin iştirakı ilə anomastika məsələləriynən, həm şəxs adların, həm toponimiya-yer adlarının və digər xüsusi adlarının tədqiqi ilə bağlı tədqiqatlar aparılıb. Uzun və səmərəli müzakirələrin aparıldığı həmin elmi konfranslardakı səslənən fikirlər bu gün o sahədə bizim üçün ən dəyərli mənbələrdir”.


Layiqli vətəndaş, görkəmli pedaqoq, yorulmaz araşdırmaçı olan Afad Qurbanov həm də böyük türkçü idi. O, 1984-1989-cu illərdə SSRİ Elmlər Akademiyasının Sovet Türkoloqları Komitəsinin üzvü, Tədris-metodiki bölməsinin sədri, Türk onomastikası bölməsi bürosunun üzvü, sonralar həmin komitənin sədr müavini vəzifələrində çalışıb. Afad Qurbanovun ən böyük arzularından biri ortaq Türk əlifbasının reallığa keçməsini görmək idi. O bu yolda yorulmadan və böyük həvəslə çalışdı və sonda ortaq  Türk əlifbasını yaratdı.  XX əsrin 90-cı illərində ölkəmizdə əlifba islahatının aparılmasında Afad Qurbanovun Azərbaycan Əlifba Komissiyasının sədri və latın qrafikası əsasında hazırlanmış və bügün istifadə etdiyimiz Azərbaycanın latın qrafikalı əlifbasının müəllifi kimi böyük xidmətləri olub. O dövrdə latın qrafikalı yeni müstəqil əlifbaya keçməyin zəruriliyini elmi faktlarla əsaslandıran ilk alim məhz Afad Qurbanov olmuşdu.

Görkəmli dilçi-alim Afad Qurbanovun təşəbbüsü ilə 1990-cı il 1 avqust tarixində Azərbaycan Əlifba Komissiyası yaradıldı və əlifba mütəxəssisi olduğu nəzərə alınaraq o həmin komissiyanın sədri təyin edildi.

 Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, filologiya elmləri doktoru, professor Sayalı Sadıqova News365.az-la söhbətində bildirdi ki, Sovetlər birliyi dağılandan sonra müstəqilliyimizin ilkin dövrlərində türkdilli dövlətlər arasında iqtisai-siyasi əlaqələr yaranıb inkişaf etməyə başladı:

“Belə bir dövrdə türkdilli dövlətlər arasında mədəni əlaqələrin yenidən bərpası zərurəti yarandı. Məhz bu zərurəti reallığa çevirmə məqsədi ilə türkdilli dövlətlərin tanınmış elm adamları, ziyalııları 1991-ci ildə Türkiyənin Mərmərə Universitetinə toplaşdı. Həmin toplantıya qatılan Azərbaycanın nümayəndə heyətinə Mili Elmlər Akdemiyasının üzvü Afad Qurbanov başçılıq edirdi. Toplantıda Afad müəllim ortaq dil və ortaq əlifba məsələsini irəli sürdü. Və bununla bağlı özünün elmi konsepsiyasını ortaya qoydu.

Təbii ki, Afad Qurbanovun təklifi məmnunluqla qarşılandı və geniş müzakirələrə səbəb oldu.Digər ölkələrin təmsilçiləri də məsələ ilə bağlı öz təkliflərini irəli sürdülər. Nəzərə alaq ki, Afad müəllimin qrafika ilə bağlı, fonetikanın əsas xüsusiyyətlərinin tədqiq ilə bağlı, xüsusilə də səslər və onun məxrəci ilə bağlı geniş tədqiqatları vardı. Eləcə də yeni əlifbanın yaradılması ilə bağlı onun zəngin təcrübəsi vardı. Məhz bu səbəblərə görə Afad müəllimin təklif etdiyi layihə ilkin variant kimi qəbul edildi”.

Bəli, bu gün Böyük İnsan Afad Qurbanov sıralarımızda olmasa da ruhu şaddır. Çünki, Afad müəllim bu əlifbanın yaradılmasına bütün həyatını həsr etmişdi. Və bu günü görmək bəlkə də onun ən böyük arzusu idi.

Ona görə də Azərbaycan elmində və mədəniyyətində silinməz izlər buraxan Afad Qurbanov cismən aramızda olmasa da hər zaman yaddaşlarda və ən əsası tarixdə qalacaq, yaşayacaq.

News365.az


Youtube kanalımız

Oxşar xəbərlər