Kiminsə
fanatı olmaq, kimisə acgözlüklə izləmək həmişə təbiətimə yad olub. Bəyənərəm,
xoşum gələr, rastıma çıxanda ötürməyib dinləyərəm ən uzağı. Məsələn, Habil müəllimi
və tələbələrini, Zabitə Əliyevanın videoları, korifey müğənnilərin ifaları
qarşıma çıxır, axıradak qulaq asıram. Çox təəccüblənirəm, məşhur müğənnini,
modeli, blogeri hərisliklə izləyən, hər addımına bələd olan, nə yediyini, nə
içdiyini, hara gedib-gəldiyini izləyən insanları görəndə. Hələ səhnəsinə çıxmaq
üçün özünü öldürən, ağlayan, isterik vəziyyətə düşənlərə yazığım gəlir.
Axır illərdə
bir bloger-influencer xəstəliyi yaranıb. Mənə görə bir blogeri həyatının mərkəzinə
yerləşdirib bütün günü nə yediyini, nə içdiyini izləyən adamlar natamam
adamlardır. Hərisliklə video paylaşmasını gözlədikləri blogerlərin onların
hesabına yağ-bal içində yaşamasına görə ömürlərindən, günlərindən qiymətli dəqiqələrini
verir insanlar.
Əvvəllər
blog yazanlar vardı, paylaşırdılar təəssüratlarını, səfər xatirələrini, hər
hansı kitab barədə düşüncələrini, oxuyurduq. Yaxud da hansısa ölkəyə səfər edib
tarixini, coğrafiyasını, mədəniyyətini göstərirdilər, baxıb nəsə öyrənirdin.
Amma indi özünə bloger deyənlərin bildiyi bir şey var, geyinib-gecinib foto çəkdirsin,
restoran-restoran sülənsin.
Hələ kamera
qarşısında ağızının suyunu tökə-tökə yemək yeyən yerli blogerləri izləyən,
makiyaj edəndə, yatanda canlı açanları hərsiliklə izləyən insanlarla bir cəmiyyətdə
yaşamağın çətinliyini demirəm. Bir kitab oxumazlar, bir sənədli film izləməzlər,
amma acgözlüklə bloger səhifələrini izləyərlər. Onlar izləyir, o başı-gözü bir
qəpiyə dəyməyən məşhurlar qazanır.
İnanın ki
bir məclisdə söhbət eləməyə adam tapmırsan. Biri hansısa qıjı müğənninin yeni
mahnısından danışır, o biri hansısa bir blogerin geyindiyi ayaqqabıdan, başqası
bir influencerin ərinin aldığı hədiyyədən. İnsan boğulur ünsiyyətsizlikdən, bir
məclis adam ola, danışmağa mövzu tapmayasan...
Olmasaydı
dünyada sarsaqlar, şübhəsiz ki, ac qalardı blogerlər, influencerlər, tiktokerlər...
Lalə Mehralı,
sosioloq