Obyekti su basmasına görə kimlər sığorta ödənişi ala bilər? – ARAŞDIRMA

Obyekti su basmasına görə kimlər sığorta ödənişi ala bilər? – ARAŞDIRMA
11:54

Son günlərdə yağan aramsız yağışlar bir çox sektorlara problem yaradır. Onlardan biri də sahibkarların obyektlərini subasması nəticəsində obyektlərə və məhsullara ziyan dəyməsidir. Bu zaman həm obyektlər, həm də obyektin içərisində olan məhsullar ziyan görür.

News365.az xəbər verir ki, bu barədə FED.az araşdırma aparıb.

Bu halda sahibkarlara dəyən zərər necə qarşılanır, bu haldan sığorta varmı?

Sığorta məsələləri üzrə ekspert Kamran Babayev daşınmaz əmlakın icbari sığortası qanunvericiliklə tənzimləndiyini və hər bir vətəndaşın daşınmaz əmlakını icbari qaydada sığortalamalı olduğunu bildirir: «Bu sığorta növü ilə bir çox hadisələr üzrə sığorta təminatı verilir. Məsələn zəlzələ, yanğın, sel, subasma və s. Biz hər dəfə eyni halla rastlaşırıq. Haradasa yanğın və ya gülcü yağışlar nəticəsində subasma hadisəsi baş verir və müəyyən olunur ki, əmlak sığortalı deyil. Nəticədə sahibkara küllü miqdarda zərər dəyir, halbuki vaxtında əmlakını sığortalasaydı, zərər sığorta şirkəti tərəfindən qarşılanacaqdı. Adətən insanlar baş vermə tezliyi yüksək olan sığorta növləri ilə daha çox sığortalanırlar.

Məsələn, avtomobil sığortası nisbətən daha populyardı, çünki hadisə baş vermə ehtimalı daha yüksəkdir, nəinki əmlak sığortasında. Əmlak sığortası aşağı tezlik, yüksək zərər qrupuna aid olan sığorta növüdür. İllərlə heç bir hadisə olmaya bilər, amma bir dəfə baş verən hadisə əmlakı məhv edə bilər və sahibkara böyük zərər vura bilər».

Hansı hallarda sığorta ödənişi verilir?

Yağış və onun nəticəsində sel-subasma halından sığorta müqavilələrdə nəzərdə tutulur. Yağış və sel-subasma riski geniş yayılmış haldır və buna görə də həm icbari, həm də könüllü sığorta müqavilələrində əksini tapır. Yəni bu hallardan sığortalanan sahibkarlar ödəniş ala bilərlər, amma bəzi məqamlara diqqət yetirmək lazımdır.

Sığorta məsələləri üzrə eskpert Tural Şükürov bildirib ki, yağış və ya subasma hallarında sığorta ödənişlərinin verilib-verilməməsi bir sıra faktorlardan asılıdır.

Məsələn, icbari sığorta müqavilələrində yağışa görə sığorta ödənişinin verilməsi yağışın xarakterindən asılıdır. Çünki yağışlar fərqli ola bilər.

«İcbari sığorta haqqında qanunda yalnız leysan xarakterli yağışlara sığorta təminat verilir, intensiv yağışlara isə təminat verilmir. Hazırda yayılan xəbərlərdə davam edən yağışların intensiv xarakterli olduğu bildirilir, leysan xarakterli olması barədə məlumat verilmir. Buna görə də sığorta hadisəsi zamanı kompensasiyanın verilməsi üçün hidrometroloji xidmətin rəyi əsas götürülür.

Əgər rəydə yağışın leysan olduğu göstərilsə, bu zaman yağışdan zərər çəkən sahibkara ödəniş verilə bilər. Digər yağışlar sığorta təminatına aid olmur».

Könüllü sığorta növündə isə vəziyyət fərqlidir. Burada dəymiş zərərə görə ödənişin verilib verilməməsi sığorta müqaviləsindəki şərtlərdən asılıdır.

T.Şükürovun sözlərinə görə, könüllü sığorta növlərində yağışın leysan və ya digər xarakterli olmasının fərqi yoxdur:

«Könüllü sığorta zamanı hər bir halda kompensasiya düşür. Amma hər bir sığorta şirkətinin özünü könüllü müqavilə şərtləri var. Ola bilər ki, bir sığorta şirkəti könüllü sığorta növünə heç yağışı daxil etməyib, digəri edib. Elə ola bilər ki, bir sığorta şirkəti yağışı kateqoriyalar üzrə könüllü sığorta təklif edir, məsələn intensiv yağışları, subasmaları, leysan yağışların və s. Belə olan zaman gərək hər müqaviləyə individual olaraq baxılsın».

Yağış nəticəsində obyektə ziyan dəyən hansı sahibkarlar pul ala bilər?

Tural Şükürov hansı sahibkarlara ödənişin olunması ilə bağlı məsələlərə də toxunub:

«Kimin icbari sığortası varsa, Ekologiya və Təbii Sərvətlər Nazirliyi təsdiqləsə ki, leysan xarakterli yağışdır, pul düşəcək. Kimin könüllü sığortası varsa və müqavilə şərtlərində intensiv yağışlar qeyd olunubsa, həmin şəxslərə kompensasiya düşəcək».

Bəs subasma nəticəsində mallara da zərər dəyibsə, onlara görə ödəniş verilirmi?

Ekspertin sözlərinə görə, əgər məhsulların da sığortası varsa, ziyan dəymiş bütün məhsullara görə, sığorta ödənişi edilir. Bu zaman hadisə haqqında sığorta şirkətinə məlumat verilir, hadisə qeydə alınır, sığorta şirkətinin nümayəndələri hadisə yerinə baxış keçirir. Eyni zamanda sahibkar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə də məlumat verir. Bütün bunlar sığorta ödənişi prosesini asanlaşdırmaq üçündür. Əgər vətəndaş məlumat verməyibsə, sığorta şirktinin nümayəndəsi özü zəng edib hadisə barədə məlumat verir.

«Araşdırma zamanı hava şəraitinə dair arayış (yəni yağışın intensiv əvə ya leysan olması məsələsi) alınır. Bu zaman sığorta şirkəti rəsmi arayışa baxır, burada göstərilən hal müqavilənin şərləti ilə üst-üstə düşərsə, sığorta ödənişi olunur.

Mağazada olan hansı məhsullar sığortalanıbsa, buna uyğun olaraq ödəniş olunur, sığorta olunma məbləği və sığorta ödənişi individual qaydada hesablanır»-deyə Tural Şükürov bildirir.

Yeri gəlmişkən, dəymiş zərərin hesablanması fərqli ola bilər. Ekspert Kamran Babayev bildirir ki, «Zərərin məbləği kiçik olarsa, sığorta şirkətinin nümayəndəsi zərəri özü qiymətləndirə bilər, böyük zərərlərdə isə lakin böyük zərərlərdə hadisə yerinə ekspert dəvət olunur və zərər qiymətləndirilir. Əgər hadisə təminat daxilindədirsə, sənədləşmə qaydasındadırsa, sığorta şirkəti zərəri qarşılayır».

Obyektlərin icbari sığortası xərci baha deyil – obyektin ümumi qiymətinin təqribən 0,2%-i həcmində. Yəni 100 000 manatlıq obyektin sığortalanması təqribən 200 manata başa gəlir.

Amma subasma zamanı zərər çəkən təkcə obyekt deyil. Buradakı mallar, mebel, avadanlıqlar və sair də zərər görə bilər, onların sığortası isə könüllü müqavilə ilə olur.

«Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta haqlarının hesablanması (sığortanın qiyməti) qanunvericiliklə tənzimlənir və bir neçə faktordan asılıdır. Könüllü əmlak sığortası üzrə isə sığorta haqqı əmlakın növündən və xüsusiyyətlərindən, fəaliyyət növündən, yanğına qarşı təhlükəsizlik sistemlərinin, siqnalizasiyanın vəziyyətindən və digər məlumatlardan asılı olaraq sığorta şirkəti tərəfindən hesablanır», - deyə ekspert əlavə edir. 


Sizin reklam burada
Sizin reklam burada