Filippinin keçmiş prezidenti Rodriqo Duterte Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) orderi əsasında Manila hava limanında saxlanılıb. Bu barədə “Manila Bulletin” ölkə prezidentinin ofisinə istinadən məlumat yayıb.
Duterte Honq-Konqdan təyyarə ilə qayıdandan sonra saxlanılıb. Polis onu bir zamanlar başlatdığı "narkomaniyaya qarşı müharibə" zamanı insanlığa qarşı cinayət törətmək işi üzrə nəzarətə götürüb.
"Gələn kimi baş prokuror ona ICC-nin keçmiş prezidentin insanlığa qarşı cinayətlərə görə həbs edilməsi barədə orderini təqdim edib", - prezidentin mətbuat xidmətinin bəyanatında deyilir.
Rəsmilər həmçinin əlavə ediblər ki, sabiq prezidentin və onun müşayiətçilərinin sağlıq durumu da yaxşıdır və eks-prezident həkimlər tərəfindən müayinə olunur.
Nəşr xatırladıb ki, Dutertenin prezidentliyi dövründə (2016-2022) Filippin ICC-nin Roma Statutundan çıxıb.
Xatırladaq ki, 2016-cı ilin mayında Filippin Prezidenti seçilən Rodriqo Duterte narkotik maddələrdən asılılığı olan insanlara və narkotikləri yayanlara qarşı genişmiqyaslı mübarizəyə çağırışları ilə fərqlənib. O, hətta narkobaronları başlarını kəsəcəyi ilə hədələyib. Dünya ictimaiyyəti isə Filippində narkoticarətlə bağlı mübarizənin metodlarını dəfələrlə tənqid edib. BMT-nin insan hüquqları sahəsində mütəxəssisləri də Filippin hakimiyyətinin metodlarını tənqid edərək, onu məhkəmə təhqiqatı aparılmadan təqsirli bilinənlərin qətllərindən çəkinməyə çağırıblar.
Tural