Milana və Güzgülər Krallığı: Xəyalların gerçəyə çevrildiyi möcüzəvi aləm

Milana və Güzgülər Krallığı: Xəyalların gerçəyə çevrildiyi möcüzəvi aləm
11:46

“Bəlkə də...olmaq istədiyim insana çevrilmək üçün, məhz, olduğum insanı yox etməliyəm.” 

“Bütün möhtəşəm hekayələr iki cür başlayır: Ya bir insan səfərə çıxar… Ya da şəhərə bir yad adam gələr.”

      İnsan özünü tərk edərmi?  Bəzən edər, məcbur qalanda.  Bir dəfə özünü tərk edən, yolunu bir daha tapa bilməz. İşıqlar sönər, içindəki səs kəsilər, kənardan isə hər şey normal görünər.

     Milana bunu yeni şəhərə köçdükləri gün anladı.  O, böyük ümidlərlə gəlmişdi: yeni ev, yeni məktəb, yeni dostlar… Amma ilk addımlardan gördü ki, heç nə düşündüyü kimi deyil. Küçələr yad, məktəb soyuq, insanlar isə ona uzaq idi. Ümidlərlə dolu qəlbi boşluğa çevrildi. Ailəsi bu köçü “daha yaxşı gələcək” adlandırırdı: daha ciddi məktəb, daha doğru mühit, daha təhlükəsiz yol. Onların “daha”sı Milananın içində “daha az”a çevrilirdi - daha az azadlıq, daha az özün olmaq. Milana bilirdi: bu sadəcə şəhər dəyişikliyi deyildi. Bu, arzularından bir addım da uzaqlaşmaq idi.

      Yeni məktəbə gedəcəyi gün güzgünün qarşısında dayanıb özünə baxdı. Baxışlarında qəribə bir boşluq vardı. Uşaq yaşlarından musiqi və baletlə məşğul olmuşdu. Rəqs onun üçün sadəcə hərəkət deyildi - həyatın özü idi. Amma ailəsi bunların ona mükəmməl gələcək verməyəcəyini düşünürdü.

– Balet? – atası qəzəblə dedi. – Rəqs ilə dolanmaq olar? Bu sadəcə keçici həvəsdir.  

– Musiqi? – anası əlavə etdi. – Bununla gələcək qurmaq olmaz. Həyat sərtdir, balet yalnız əyləncədir.

Milananın ürəyi parçalanırdı. Həyatını həsr etmək istədiyi sənət dəyərsiz sayılırdı. 

     Səhər yağış damcılarını izləyərək oyandı. Balet ayaqqabılarını əlinə aldı, amma bilirdi ki, bu gün onları geyinməyəcək. Onu “Lumis Akademiyası”na göndərmişdilər - qaydaların, tapşırıqların və sərt müəllimlərin məktəbinə. İlk gün qapıdan içəri girəndə soyuq və quru baxışları hiss etdi. Sinif yoldaşları ciddi, bəziləri isə kobud və qısqanc idi.  

– Salam, mən… – deyə sınaqdan çıxırmış kimi səsləndi. Cavab isə yalnız biganə baxışlar oldu. Həftələr keçdikcə dərslər yorucu, günlər darıxdırıcı idi. Hər dəfə balet ayaqqabılarına baxanda ürəyi sızıldayırdı. Ən ağır olan isə dostlarının yoxluğu idi. Köhnə şəhərdə yaşayış çətin olsa da, onların gülüşü vardı. İndi telefon səssiz idi, mesajlar gec gəlirdi, səs yazıları qısalmışdı. Sanki hər kəs öz həyatına davam edir, Milana isə geridə qalırdı.

     Yeni məktəbin həyətində dayananda bu hiss daha da ağırlaşırdı. Ətrafında qruplar halında gülən, zarafat edən, bir-birinə sarılan insanlar vardı. Milana isə kənarda dayanırdı. Elə bil orada yox idi. Hər səhər eyni otaqlar, eyni sərt baxışlar, eyni ritm… Amma ən ağır olan dostlarının olmaması və balerina  arzusunun puç olması idi. Gecələr otağına qayıdanda işıqları söndürüb pəncərədən baxırdı. Köhnə dostlarını xatırlayırdı: gülüşlərini, şirin söhbətlərini, sirrlərini. İndi isə yalnız xatirələrdə yaşayırdılar. Hər gecə günün səhnələrini gözünün önündən keçirirdi:  

 koridorlarda tək dolaşması,  kimsənin onu çağırmaması , uzaqdan izlədiyi gülüşlər. 

Göz yaşlarını boğa bilmirdi. Amma ailəsini üzmək istəmirdi. Onlar yaxşı ailə idilər, sadəcə onun təkliyini görmürdülər. İçindəki boşluq heç bir sözlə ifadə olunmurdu. O an anladı: yalnızlıq bəzən görünməz bir əl kimi insanın yaxasından yapışır. Və o əl, ən yaxınlarını belə xəbərsiz kənara itələyə bilir.

     Milana hiss edirdi ki, içindəki boşluq böyüyür. Hər gecə pəncərə qarşısında oturub ağlayır, kiminsə sadəcə “səninləyəm” deməsi üçün dua edirdi.

    Bir dəfə dərs fasiləsində skamyada oturmuşdu. Yanından keçən qızların gülüşü içindəki boşluğa çırpılıb əks-səda verirdi. Daha da dərinləşdirirdi onu.

“Bəlkə problem məndədir?” – deyə düşündü.  

“Bəlkə mən dostluğa uyğun deyiləm?”

Bu suallar cavab istəmirdi. Sadəcə ağrını artırırdı. Axşamlar otağı daha kiçik görünürdü. Pəncərədən yad küçələrə baxırdı. Heç kim onu tanımırdı. Heç kim onun nə sevdiyini bilmirdi. Köhnə dostlarının adlarını pıçıldayanda boğazı yanırdı. Sanki adlar da onu tərk etmişdi. 

     Ətrafında hamının öz yeri vardı. Onun isə - heç yeri. İnsan üçün bundan ağır bir acı ola bilməzdi.

     Milana hər səhər məktəbə doğru addımlayanda ürəyi baletin ritmi ilə döyünürdü.   Amma bu məktəbdə o ritmi heç kim eşitmirdi.  Milana özünü bataqlıqda hiss edirdi.  Hər gün bir az daha batırdı.  Çıxmaq üçün çırpınırdı, amma hər dəfə yenidən geri sürüşürdü.  Bir dəfə anasına demişdi:  

“Bataqlıqdan çıxmaq istəyirəm, amma hər dəfə ayaqlarım geri batır.”  

Anası ona cavab vermişdi:  

“Düşürsən, çünki uzaqlaşmırsan. Çıxdığını sanırsan, amma bataqlığın başında dayanıb gözlədiyin üçün yenidən batırsan,  arxanı dönüb getməlisən.”  

Milana bu sözləri düşündükcə gözləri dolurdu.  Çünki o, arxasını dönə bilmirdi.  

Balet onun ürəyində döyünürdü, amma məktəb onu boğurdu.  Ətrafında qruplar halında gülən, bir-birinə sarılan insanlar vardı.  Onların gülüşü Milananın içindəki boşluğa çırpılır, daha da dərinləşdirirdi onu.  O isə kənarda dayanırdı.  Elə bil orada yox idi.  

     Gecələr yatağında uzananda köhnə şəhərdəki dostlarını xatırlayırdı.  Onların gülüşləri, gizli söhbətləri, “buradayam” deyən baxışları… indi yalnız xatirələrdə yaşayırdı.

     Milana dərsdən sonra koridorlarda düşüncəli gəzirdi.  Divarlar sanki nəfəs alır, onu daha da sıxırdı.  Küncdə, toz içində qalmış bir qapının arxasında qəribə bir parıltı gördü.  Yaxınlaşanda qarşısında böyük, köhnə bir güzgü açıldı.  Güzgü adi deyildi. Onun səthi sanki maye işıqdan ibarət idi - dalğalanır, titrəyir, nəfəs alırdı. Milana yaxınlaşdıqca, güzgü onun ürəyinin ritmini əks etdirirdi:

bir titrəyiş, bir işıq partlayışı, bir çağırış. O, gözlərini güzgüdən çəkə bilmədi. Güzgü onu özünə çəkirdi, sanki içində bir sirr pıçıldayırdı: “Gəl… içimdəki dünyanı gör…”

Milana əlini uzatdı. Barmaqları güzgüyə toxunduğu anda, səth sanki suya çevrildi -

bir anda işıq dalğası partladı, ətrafdakı hava titrədi, və… Güzgü onu içinə çəkdi.

Bir anlıq hər şey dayandı. Sonra Milana ulduzların arasında oldu. Ətrafında parıldayan simvollar uçurdu, göy üzündə pəri qanadları kimi işıq zolaqları süzülürdü. Ayağının altında görünməz bir yol açıldı, güzgülərdən ibarət bir körpü,

xəyalların üzərində qurulmuş bir keçid. Milana nəfəsini tutdu. O, artıq başqa bir aləmdə idi. Burada zaman yox idi. Burada ürəyin səsi hər şeyi idarə edirdi. Güzgülər Krallığı başlayırdı. Göy üzü rənglərlə dolu idi, havada musiqi titrəyirdi. Onun qarşısında adi bir dünya yox, sehrlə toxunmuş bir aləm vardı.  Göy üzü sanki canlı idi – rənglər dalğalanır, hər an dəyişirdi.  Bəzən dərin mavi, bəzən al qırmızı, bəzən isə minlərlə ulduzun parıltısı ilə dolu.  Havada musiqi titrəyirdi – görünməz notlar külək kimi dolaşır, hər addımda yeni bir melodiya doğururdu.  Torpaq işıq saçırdı, sanki ayaqlarının altında şüşə kimi parlayan kristallar vardı.  Ağaclar göyə doğru uzanırdı, budaqlarında işıq çiçəkləri açırdı.  Çiçəklərin hər biri nəfəs alırmış kimi titrəyir, Milananın hər hərəkətinə cavab verirdi. Uzaqda göllər vardı – suyun səthi güzgü kimi parıldayır, içində xəyalların əksini göstərirdi.  Hər kəs öz peşəsini burada yaşayırdı: rəssamlar göy üzünü boyayır, musiqiçilər havanı melodiyaya çevirir, yazıçılar sözləri havada işıq kimi yazırdı.  Burada nifrət yox idi, kin yox idi, paxıllıq yox idi.  Burada yalnız sevgi vardı – dostluğun, azadlığın və xəyalların sevgisi.  

Milana barmaqlarının ucunda dönəndə sanki, bütün aləm onunla birlikdə rəqs edirdi.  Göy üzü rəngini dəyişir, musiqi ritmini artırır, çiçəklər işıq saçırdı.  Sanki bu dünya onun ürəyinin döyüntülərinə cavab verirdi.  Birdən arxadan səs eşitdi.  İki gənc ona yaxınlaşırdı – biri oğlan, digəri qız.  Onlar da onun yaşında idilər.  

– Salam, – dedi oğlan gülümsəyərək. – Mən Nick.  

– Mən isə Alisa, – qız əlavə etdi. – Sən buraya ilk dəfədir gəlmisən, elə deyilmi?  

Milana hələ də heyrət içində idi.  

– Bura… haradır? – deyə pıçıldadı.  

Nick cavab verdi:  

– Bu, sirli bir aləmdir. Burada hər kəs öz xəyalındakı həyatı yaşayır.  

– Burada dostluq və sevgi var, – Alisa sözünə davam etdi.  Burada heç kim səni heç nəyə məcbur etmir. Hər kəs öz ürəyinin səsini dinləyir.  

Milana göz yaşlarını gizlədə bilmədi.  

– Mən balerina olmaq istəyirdim… amma ailəm məni sıxıcı bir məktəbə göndərdi.  

– Burada sən balerinasan, – Nick dedi.  Burada sən kim olmaq istəyirsənsə,  ola bilərsən.  

Alisa Milananın əlini tutdu:  

– Artıq tək deyilsən. 

– Burada dostluq var, – Nick əlavə etdi. – Burada sən azadsan.  

Milana sevinclə barmaqlarının ucunda dönməyə başladı.  Musiqi havanı doldurdu, Nick və Alisa ona baxıb gülümsədilər.  O an Milana anladı: bu aləm onun xəyallarının gerçək olduğu yerdir.  Və ilk dəfə uzun müddətdən sonra ürəyi baletin ritmi ilə azad döyündü. Milana güzgü aləminin işıqlı meydanında dayanmışdı.  Nick  ona yaxınlaşıb səmimiyyətlə:  

– Səni başqaları ilə də ilə tanış edək, – dedi.  Biz burada tək deyilik.  

Onlar Milananı apardılar.  Orada bir qız rəngli çiçəklərin arasında dayanmışdı – Jasmin. O, rəssam idi, fırçası ilə göy üzünü boyayırdı.  Yanında musiqi ilə dolu gözləri parlayan Deyzi vardı – fortepiano ifaçısı, Milananın ürəyinə ən yaxın gələn səs onun barmaqlarından doğurdu. Bir az kənarda isə Aleksandr dayanmışdı – o, hekayələr yazırdı, sözləri ilə dünyaları qururdu.  Onların hamısı Milananı sanki çoxdan tanıyırmış kimi qarşıladılar. Hər kəs bir-birinə dəstək olurdu, hər kəs öz xəyallarını yaşayırdı.  

– Burada hər kəs ürəyinin səsini dinləyir, – dedi Jasmin. – Mən rəssam olmaq istədim və indi rənglər mənim dünyamdır.  

– Mən musiqidə azadlığı tapıram, – dedi Deyzi. Burada heç kim “bu sənə gələcək qurmaz” demir.  

– Mən isə yazıram, – Aleksandr gülümsədi.  Çünki sözlər mənim nəfəsimdir.  

Milana həyəcanını gizlədə bilmədi.  

– Mən balerina olmaq istəyirdim… amma normal dünyada buna icazə vermədilər.  

Nick onun çiyninə toxundu:  

– Burada sən balerinasan. Burada heç kim səni dayandırmaz.  

Alisa əlavə etdi:  

– Burada sən özünsən.  

Milana barmaqlarının ucunda yenidən fərəhlə dönməyə başladı.  Musiqi havanı doldurdu, Jasminin rəngləri göylərə yayıldı, Aleksandr sözləri ilə səhnəni işıqlandırdı.  Onlar birlikdə bir dünya qururdular – xəyalların gerçək olduğu, sevginin hakim olduğu bir dünya.  Milana onlarla çox tez dostlaşdı.  Çünki bu aləmdə heç kim yad deyildi.  Burada hər kəs bir-birini qucaqlayır, hər kəs bir-birinin xəyallarını qoruyurdu.  Milana ilk dəfə uzun müddətdən sonra özünü evdə hiss etdi.

Milana güzgü aləminin işıqlı meydanında dönürdü.  Barmaqlarının ucunda hər hərəkət azadlıq idi.  Amma ürəyində bir narahatlıq vardı.  O, birdən dayandı, gözləri doldu.  

– Mən… – dedi titrək səslə.  Mən buranı sevdim. Burada nəfəs ala bilirəm. Amma normal dünyada ailəm var. Onlar hər nə qədər ballerina olmağımı istəməsələr də, məni çox sevirlər və mən də ailəmi çox sevirəm, onlardan ayrılmaq istəmirəm. Mən onları üzmək istəmirəm.  Nick ona yaxınlaşaraq gözlərinin içinə baxdı:  

– Milana, bütün problemlər normal dünyadadır. Burada hər şey mümkündür.

Alisa Milananın əlini tutdu:  

– Narahat olma. Bu aləm sənin ürəyinin səsidir. Burada sən balerinasan. Burada sən azadsan.  Normal dünyada sənə “olmaz” deyirlər. Burada isə hər şey mümkündür.  

Jasmin fırçasını havada oynadaraq göy üzünü rənglədi:  

– Bax, mən rəssam olmaq istədim. Normal dünyada mənə qadağalar qoyuldu. Amma burada rənglər mənim nəfəsimdir.  

– Mən musiqidə azadlığı tapıram, dedi Deyzi.  Burada heç kim “vaxt itirirsən” demir.  

– Mən isə sözlərimlə dünyalar qururam,  Aleksandr əlavə etdi.  Burada heç kim mənə “sus” demir.  

Milana:  

– Mən buranı sevdim, – dedi titrək səslə. Burada nəfəs ala bilirəm. Amma ailəm… Onlar mənim əzizlərimdir – deyə pıçıldadı.  Onlar məni sevirlər. Mən onlarsız, onlar da mənsiz yaşaya bilmərik, bu mümkün deyil.

Nick gülümsədi:  

–Nə sən onlarsız, nə də, onlar sənsiz olmayacaq. 

Alisa Milananı qucaqladı:   

Sanki sirri paylaşırmış kimi pıçıldadı:  

– Narahat olma, Milana. Bu aləmin ən böyük sirri budur: sən istədiyin vaxt iki dünya arasında səyahət edə bilərsən.  

Nick yumşaq səslə, əlindəki boyunbağını uzadaraq dedi:

– Bu boyunbağı sənin seçiminin simvoludur. Hara getmək istəsən, bu boyunbağı səni məhz, ora aparacaq.

Alisa əlavə etdi:

– Biz hər zaman buradayıq. Səni gözləyəcəyik. Milana boyunbağını boynuna taxdı. İşıq onun sinəsində parıldadı, sanki ürəyinin döyüntüləri ilə birləşdi. Artıq heç vaxt tək olmayacaq. Çünki həm ailəsi, həm dostları, həm də xəyalları onun yanındaydı. Və bu boyunbağı – onun iki dünya arasında azadlıqla səyahət etməsinin rəmzi idi. Alisa gülümsəyərək sözünə davam etdi:  

– İstəsən ailənin yanına gedərsən, istəsən buraya qayıdarsan. Heç bir seçim səni məcbur etmir. Nəticədə həm xoşbəxt olarsan, həm də ailənin yanında. Jasmin fırçasını havada oynadaraq göy üzünü rənglədi:  

– Burada biz dostuq, xoşbəxtik, azadıq. Burada yalnız sevgi var.  

Deyzi pianoda yumşaq bir akkord ifa etdi:  

– Biz səni çox sevdik. Burada səni sərsizliklə gözləyən dostların var.  

Aleksandr sözlərini havaya yazdı, sanki bir and içirdi:  

– Bu aləm sənin xəyallarının gerçək olduğu yerdir. 

Milana çox xoşbəxt tərzdə:  

– Mən… mən artıq tək deyiləm, – dedi.  

Nick nəvazişlə onun çiyninə toxundu:  

– Bəli, Milana. İndi sən iki dünyanın qızısan. Normal dünyada ailənin yanında, bu dünyada isə xəyallarının içində.  

– Və biz, – Alisa əlavə etdi,  səni hər zaman gözləyirik. 

     Beləcə günlər keçirdi. Normal dünyada Milananın həyatı yenə sıxıcı idi – dərslər, qaydalar, soyuq baxışlar.  Amma artıq hər səhər məktəbə gedəndə içində gizli bir həyəcan vardı: dərs bitən kimi Güzgülər Krallığına keçəcəkdi.  Artıq onun iki həyatı vardı.  Birində – darıxdırıcı məktəb,  məcburiyyətlər.  Digərində – dostluq, sevgi və baletin azadlığı.  

Milana düşünürdü:  

“Əgər xoşbəxt yaşamaq mümkündürsə, niyə həmişə xoşbəxt olmayım ki?”  

Bir gün cəsarətini toplayıb sirrini ailəsi ilə bölüşdü.  

– Mənim ikinci dünyam var, – dedi.. Güzgülər Krallığı, orada dostlarım var, orada mən balerina kimi azadam.  

Anası və atası bir-birləriə baxdılar.  

– Qızım, sən xəyal qurursan, – dedilər.  Bu sadəcə uydurmadır.  

Onlar Milananın sözlərinə inanmadılar. Hətta öz aralarında onu psixoloqa aparmaq lazım gəldiyini  düşündülər. Milanaya psixoloqa getməli olduğunu təklif etdikdə, o,  

ağlayaraq yalvardı, sanki ruhu parçalanırdı.  

– Əgər məni sevirsinizsə, gəlin görün! Mənim dünyamı öz gözlərinizlə görün!  

Nəhayət, valideynləri razılaşdılar. Onlar düşündülər ki, bəlkə bu yolla Milana sakitləşər, susar, beynini yormaz. Milananın təkidilə məktəbin köhnə koridorunda güzgünün qarşısında dayandılar.  Milana titrəyən əlləri ilə güzgüyə toxundu.  İşıq dalğalandı, onları içinə çəkdi.  Ana və ata gözlərini açanda donub qaldılar.  Onların qarşısında möcüzə vardı:  Göy üzü rənglərlə dolu idi, havada musiqi titrəyirdi.  

Milana balerina kimi dönürdü, dostları – Nick, Alisa, Jasmin, Deyzi, Aleksandr – onun ətrafında idi.  Valideynlərinin heyrətdən nəfəsləri kəsildi.  Onlar öz uşaqlıqlarını gördülər – gizli arzularını, unudulmuş xəyallarını.  Atası bir vaxtlar yazıçı olmaq istəmişdi, anası isə musiqiçi.  Amma həyat onları başqa yollara sürükləmişdi.  Onlar donub qaldılar, gözləri doldu.  Ana pıçıldadı:  

– Bu… həqiqətdir.  

Ata isə göz yaşlarını gizlədə bilmədi:  

– Biz… biz öz xəyallarımızı unutmuşuq.  

Milana o qədər xoşbəxt idi ki,   çünki artıq tək deyildi.  Artıq ailəsi də onun dünyasını görmüşdü. Göy üzü min rəngə boyandı, torpaq kristal kimi parıldadı, havada görünməz melodiyalar titrəyirdi.  Tam o anda – bir pəri göründü.  Pərinin qanadları ay işığında parıldayırdı, sanki minlərlə güzgünün işığını özündə daşıyırdı.  Onun gözləri dərin idi, elə bil, bütün kainatı görmüşdü.  O, gələnləri təbəssümlə salamladı və pıçıldadı:  

– Siz indi sirli bir aləmdəsiniz. Bu krallıqda yaşından asılı olmayaraq hər kəs öz xəyalındakı həyatı yaşayır.  Burada heç kim məcbur edilmir, heç kim arzularından uzaq düşmür.  Burada hər kəs öz sevdiyi sənətlədir, öz istədiyi işin içindədir.  Burada xoşbəxtlik qanad kimi hər kəsin çiyinlərinə qonur.  Pəri danışdıqca ətraf daha da möhtəşəm olurdu. Ağacların budaqlarında işıq çiçəkləri açdı, göllərin səthində xəyalların əksi göründü.  

Göy üzündə ulduzlar bir-birinə toxunaraq musiqi kimi səsləndi.  

– Bu krallıq güzgülərin sirridir, – dedi pəri.  Burada hər kəs öz ürəyinin səsini dinləyir.  Kim ki, arzularını gizlədib, burada onları yenidən tapır.  Kim ki özünü itirib, burada özünü yenidən kəşf edir.  Sonra pəri qanadlarını açdı, havada ulduz yağışı kimi işıq saçdı.  Onun səsi bütün aləmi bürüdü:  

“Xəyallarınızı qoruyun, çünki onlar sizin həqiqi dünyanızdır.” 

Və o an hamı anladı: Güzgülər Krallığı sadəcə bir şirin yuxuya bənzəyir və ürəyin ən dərin arzusunun gerçəyə çevrildiyi yerdir.

     Milananın anası pəncərəni açdı, otağa günəş işığı doldu. Yumşaq səsi ilə qızını oyatdı:

– Qızım, nə çox yatdın… Yeni şəhərdə balerina olduğun məktəbin ilk gününə gecikmək istəməzsən. Tez qalx, Nick və Alisa qapıda səni gözləyirlər. Gör nə yaxşı dostların var – səni hər zaman gözləyirlər.Milana gözlərini ovuşdurdu, yavaşca qalxdı.

– Ana, bilirsən, bu gün çox qəribə bir yuxu gördüm. Sanki, gerçək idi. Mən iki dünya arasında keçid edirdim: Normal dünya və Güzgülər Krallığı. Normal dünyada məni sıxıcı məktəbə məcbur edirdiz, balet oynaya bilmirdim, dostlarım yox idi. Hər şey çox qorxulu idi. Amma Güzgülər Krallığında… hər şey mükəmməl idi. Mən balerina idim, dostlarım yanımda idi. 

Anası Milananın saçlarını oxşayaraq:

– Qızım, unutma: “İnsanın ən böyük gücü öz xəyallarına inanmaqdır. Qorxular keçicidir, amma arzular əbədidir.”

Atası otağa gəlib Milananı qucaqladı, yanağından öpərək zarafatla dedi:

– Tənbəl qız, nə gec qalxdın! Yeni şəhərdə yeni dərs həyəcanlıdır. Axşam bütün dostlarını çağır, yeni həyatını birlikdə qeyd edək. Bizim balerinamızın ilk günü bayramdır!

Ana, ata və Milana qucaqlaşdılar. O an otaq sevgi ilə doldu, sanki bütün qorxular yox oldu. Milana sevinclə qaçaraq qapıya çıxdı. Nick və Alisa onu gözləyirdilər. Onları qucaqladı.

– Tənbəl! – dedi Nick gülərək.

– Hə, tənbəl balerina! – Alisa əlavə etdi.

Milana gülümsədi:

– Sizə çox maraqlı  yuxu  danışacağam. Milana danışmağa başladı, sevimli dostları maraqla qulaq asırdılar. Milana yuxusunu izah edərkən gözlərində həyəcan parıldayırdı. Nick və Alisa bir-birinə baxıb gülümsədilər.

– Milana, – dedilər,  bizdə sənin üçün bir hədiyyə var. Onlar kiçik bir qutu uzatdılar. 

Milana qutunu açmazdan əvvəl dostlarına  vacib sözləri olduğunu vurğulayaraq titrəyən səsiylə:

- Bəzi dostlar var - bir-birinin limanı, evidir; dünya ağır gələndə sığınacaq olur. Bəli, biz dostlarımızı seçə bilirik. Mən isə sizi seçdim, çünki yanınızda olduğumda özüm olmaqdan qorxmadım. Sizin varlığınız təkliyimi azaltdı, susqunluğumu anlaşılan etdi. Siz mənim üçün sadəcə dost deyil, ən doğru seçim, ən güvənli limansınız. Nə yaxşı ki, biz dostlarımızı seçə bilirik və mən sizi seçdiyim üçün çox-çox xoşbəxtəm. Siz mənim həm ən yaxşı dostlarım, həm də qiymətli xəzinəmsiz.

Daha sonra Milana həyəcanla qutunu açdı… və gördükləri qarşısında nəfəsi kəsildi.

İçində parıldayan bir boyunbağı vardı. Amma bu sadə bir boyunbağı deyildi – onun mərkəzində iki işıq damlası vardı: biri gümüş kimi parlaq, digəri isə kristal kimi şəffaf idi. İşıqlar bir-birinə qarışır, sanki iki dünya arasında körpü qururdu.

Milananın gözləri yaşla doldu.

– Bu…bu mənim yuxumdakı iki dünyanı təmsil edən boyunbağıdır, deyə heyrətləndi….

  “Yuxu-reallığın gizli güzgüsüdür; insan yalnız xəyalında gördüyünü yaşamağa cəsarət edəndə real olur.”

Məryəm BAĞIROVA


Sizin reklam burada
Sizin reklam burada