"Həzrət Əli sabah namazının fərzində rükudan öncə, vitrdə isə rükudan sonra qunut oxuyurdu. Kufədə vitr namazı qılarkən rükudan öncə qunut oxuyurdu."
İmam Zeyd bin Əli sabah namazında rükudan öncə qunut tutardı.
Müsnədi Zeyd, səhifə 64, 68-ci hədis
Cəfəri məzhəbinə görə bütün namazlarda ikinci rükətin rükusundan öncə əlləri üzə tutaraq qunut duası oxumaq müstəhəbdir.
Şafii məzhəbinə görə də sübh namazında qunut oxunur. Eyn zamanda vitr namazında oxunur.
Hənəfi fiqhinə əsasən də vitr namazında qunut duası əlləri qaldırmadan oxunur.
Əbu Hənifəyə görə qunutun hökmü vacibdir. Lakin tələbələri Əbu Yusuf ilə Muhəmmədə görə sünnətdir.
Hənəfi və Hənbəlilərə görə qunutun yeri vitr namazının son rükəti, Şafiilərə görə sabah namazının fərzinin son rükəti ilə Ramazan ayının ikinci yarısındaki vitr namazlarının son rükəti, Malikilərə görə isə sadəcə sabah namazının fərzinin son rükətidir.
Hənəfilərə görə qunut rükudan öncə, Şafiilərə və Hənbəlilərə görə rükudan sonra icra edilir. Malikilərə görə isə rükudan öncə edilməsi daha fəzilətli olmaqla yanaşı sonra edilməsində də bir qəbahət yoxdur.
Məzhəblərə görə qunutda oxumaq üçün fərqli dualar nəzərdə tutulur. Bəzi fəqihlərə görə Qurandan dualar oxunsa daha yaxşıdır. Bəziləri isə istənilən duanı oxumağı məqbul görür. Hətta öz ana dilində oxumağı caiz hesab edənlər də var.
Əllərin dua edən şəkildə açılıb açılmaması da məzhəblərə görə fərqlidir. Şafii, Cəfəri, Maliki məzhəblərinə görə əllərin içini göyə açmaq olar. Ancaq yerdə qalan fəqihlər bunu məqbul hesab etməyiblər.
Nəticə olaraq deyə bilərik ki, namazda Allahla Münacatda edib namaz sözlərindən əlavə öz istəklərini çatdırmaq istəyənlər qunut tutaraq hətta saatlarla dua oxuya bilərlər.
Qunutu namazın haşiyəsi hesab etmək olar.
Tural İrfan, ilahiyytaçı