Məktəblərdə telefonlar tam qadağan ediləcək? – Hikmət Hacıyevin sitat gətirdiyi kitabda nə deyilir?

Məktəblərdə telefonlar tam qadağan ediləcək? – Hikmət Hacıyevin sitat gətirdiyi kitabda nə deyilir?
09:40

Prezidentin köməkçisi Hikmət Hacıyevin 16 yaşdan aşağı uşaqların sosial şəbəkələrdən istifadəsinin məhdudlaşdırılması ilə bağlı qanunvericilik təşəbbüsünə münasibət bildirməsi təhsil ictimaiyyətinin diqqətini cəlb edib.

Təhsil eksperti Etibar Əliyev mövzu ilə bağlı fikirlərini bölüşərək, H.Hacıyevin çıxışında bu sahədə yazılmış en sanballı əsərlərdən birinə istinad etdiyini vurğulayıb. Ekspert qeyd edib ki, söhbət məşhur psixoloq Conatan Haydtın (Jonathan Haidt) "The Anxious Generation" ("Narahat nəsil") kitabından gedir:

"Hikmət müəllim haqlı olaraq bu sahədə yazılmış en sanballı kitabdan sitat gətirdi. Maraqlıdır ki, bu ilin aprel ayında sosial şəbəkə hesabımda həmin kitabın geniş təqdimatını etmişdim."

Təhsil eksperti C.Haydtın kitabda irəli sürdüyü 4 əsas prinsipi diqqətə çatdırıb:

  1. Yuxarı siniflərə qədər smartfon qadağası: Uşaqların internetə fasiləsiz çıxışını məhdudlaşdırmaq üçün valideynlər 9-cu sinfə qədər övladlarına brauzersiz, sadə düyməli telefonlar verməlidirlər.

  2. 16 yaşına qədər sosial şəbəkə qadağası: Uşaqların psixoloji baxımdan həssas olduğu bu dövrdə sosial media yarışına qoşulmasının qarşısı alınmalı, onların zəka inkişafı üçün təbii yollar axtarılmalıdır.

  3. Məktəblərdə telefonlardan tam imtina: İbtidai təhsildən tutmuş tam orta təhsilə qədər bütün şagirdlər dərs prosesində telefon, smart-saat və digər qadcetləri xüsusi şkaflarda saxlamalıdırlar. Yalnız bu halda onlar həmyaşıdları və müəllimləri ilə canlı ünsiyyətə meyil göstərəcəklər.

  4. Uşaqlara daha çox sərbəstlik və müstəqil oyun imkanı: Müdaxiləsiz canlı oyunlar uşaqların sosial bacarıqlarını inkişaf etdirir, qorxularını aradan qaldırır və müstəqil böyümələrinə şərait yaradır.

C.Haydt qeyd edir ki, bu addımların atılması böyük maliyyə resursları tələb etmir və hətta qanunvericilik dəyişiklikləri olmadan da valideyn-məktəb əməkdaşlığı ilə həyata keçirilə bilər.

Sonda təhsil eksperti Etibar Əliyev xüsusi vurğulayıb ki, uşaqların psixoloji sağlamlığı və gələcəyi üçün böyük əhəmiyyət kəsb edən "The Anxious Generation" kitabının Azərbaycan dilinə tərcümə olunması vacib zərurətdir.


Sizin reklam burada
Sizin reklam burada