Son vaxtlar “Labubu” adlı oyuncaqlar dünyada sürətlə satılır. Bu oyuncaq uşaqlarla yanaşı böyüklərin də sevimlisinə çevrilib. Hətta "Labubu"ların satışı çinli sahibi Vanq Ninqin milyarder olmasına səbəb olub.
Qeyd edək ki, çirkin canavar da adlanan bu oyuncaqlar artıq Azərbaycanda da satılmağa başlayıb. “Labubu”lar öz xüsusi görünüşləriylə, böyük gözləri və dişləriylə diqqət çəkir. Hətta bəzi mütəxəssislər deyir ki, bu oyuncaqlarla oynamaq uşağın psixologiyasında ciddi fəsadlara yol aça bilər.
Bu isə valideynləri övladları üçün bu oyuncağı alıb-almamaq barəsində qərarsız qoyur.
News365.az mövzuyla bağlı psixoloq Ofelya Məmmədovanın fikirlərini öyrənib. O da vurğulayır ki, bu oyuncağın vizual dili klassik “şirin” obrazlardan fərqlidir.
“Böyük gözlər, kəskin dişlər və qəribə mimika ilk baxışdan uşaqlar üçün narahatlıq yarada biləcək vizual elementlər daşıyır. Əgər belə oyuncağa uşaq auditoriyası yönəldilirsə, bu, psixoloji risk daşıyır. Uşaqlar xüsusilə 3-10 yaş arası dövrdə gördükləri hər şeyi hissləri ilə qavrayırlar. Onların reallıq və fantaziya sərhədləri hələ tam oturuşmadığı üçün qəribə və anlaşılmayan simalar onlarda qorxu, narahatlıq və yuxu pozuntuları yarada bilər. Hətta bəzi həssas uşaqlarda bu vizual təsvirlər gecə kabuslarına, sosial çəkinməyə və ya emosional gərginliyə səbəb ola bilər”.
Psixoloq bu oyuncağın gənclər arasında da yayılmasından danışıb:
“Gənclər arasında fərqlilik, ironik yanaşmalar və “qəribə olan gözəldir” tendensiyası geniş yayılıb. Bu oyuncağın qəribə estetikası onların özlərini ifadə vasitəsi kimi görünə bilər. Bu hal bəzən normal identifikasiya və özünüifadə ehtiyacıdır. Amma emosional balansı zəif olan yeniyetmələrdə bu tip fiqurlara bağlılıq, bəzi hallarda neqativ duyğularla da əlaqələndirilə bilər.
Oyuncaq üzərindən aqressiya və qorxu təbliğatı aparıldığı fikirləri emosional reaksiyalar əsasında yaranır. Hazırda bu oyuncağın məqsədli şəkildə uşaqlarda aqressiya və psixoloji pozuntu yaratmaq üçün hazırlandığını təsdiqləyən elmi dəlil yoxdur.
Amma unutmayaq ki, oyuncaq yalnız əyləncə vasitəsi deyil, həm də psixoloji və mədəni mesaj daşıyıcısıdır. Ona görə də valideynlər və pedaqoqlar vizual simvolların uşaq dünyasında necə qəbul olunduğunu nəzərə almalıdır”.
Müsahibimiz valideynlərə məsləhət görür ki, 3-10 yaş arası uşaqları bu tip oyuncaqlardan uzaq saxlasınlar.
“Uşağın niyə bu oyuncağı istədiyini araşdırın. Bəzən sadəcə dəbə uymaq istəyə, bəzən isə daxili narahatlıqlarını ifadə etməyə çalışa bilər. Qadağa əvəzinə söhbət aparın. Uşağa səbəbini izah etmək, onunla birlikdə qərar vermək daha sağlam nəticələr verir. Oyuncaqlar uşağın emosional dünyasını formalaşdırır. Seçim zamanı yalnız “sevimli” olması deyil, psixoloji təhlükəsizlik də əsas meyardır.
Bu, cəmiyyətin və vizual mədəniyyətin dəyişən üzüdür. Biz psixoloqlar olaraq bu dəyişiklikləri qadağan etmək deyil, şüurlu müşahidə və doğru yönləndirmə ilə idarə etməyə çalışırıq. Uşaq psixologiyası həssas bir sahədir və hər bir yeni oyuncağa bu həssaslıqla yanaşmaq vacibdir”,-deyə psixoloq sonda qeyd edib.