Azərbaycanda köhnə minik avtomobillərinə aksiz dərəcəsi artırılır.
News365.az xəbər verir ki, gələn ildən Azərbaycana idxal olunan istehsal tarixi 7 ildən çox olan minik avtomobilləri üçün aksiz dərəcəsi yüksələcək.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Hazırda aksiz dərəcəsi minik avtomobillərinin mühərrik həcminə və istehsal tarixinə görə hesablanır. Məsələn, mühərrik həcmi 2000 kubsantimetrədək olan avtomobillərdə hər kubsantimetr üçün 0,30 manat, 3000 kubsantimetrədək olanlarda 600 manat + 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə 5 manat tətbiq edilir. Daha böyük mühərrikli avtomobillərdə isə aksiz dərəcəsi 5000 kubsantimetrdən çox mühərrik həcmi üçün 53600 manat + əlavə kubsantimetr üzrə 70 manat təşkil edir.
Hazırda istehsal tarixi 7 ildən artıq olan minik avtomobilləri üçün benzin mühərrikli avtomobillərdə 1,2, dizel mühərrikli avtomobillərdə isə 1,5 yüksəldici əmsal tətbiq olunur. Yeni qanun layihəsinə əsasən, 2026-cı il yanvarın 1-dən bu əmsallar artırılacaq: benzin mühərrikli avtomobillərdə 1,5, dizel mühərrikli avtomobillərdə isə 2 tətbiq ediləcək.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılıb və birinci oxunuşda qəbul edilib.
Bu dəyişiklik köhnə minik avtomobillərinin idxalını məhdudlaşdırmaq və bazarda daha müasir, ekoloji tələblərə cavab verən avtomobillərin istifadəsini təşviq etmək məqsədi daşıyır.