Rusiyada maraqlı hadisə baş verib. İrkutsk vilayətinin Usolski rayonunun sakinləri bazar günü aerodroma hücum zamanı azı beş PUA-nı ov tüfəngi ilə vurublar. Bu barədə Mash Telegram kanalı məlumat yayıb.
"Dronlar alçaqdan uçurmuşlar. Onlar ikinci mərtəbə hündürlüyündə, hətta yerdən təxminən 2,5 metr hündürlükdə hərəkət ediblər. Onları ilk görənlərdən biri tələbə İlya olub. O, mağazadan qayıdarkən yolda insanları görüb və hər kəs deyib ki, hərbi hissəyə hücum olur. O, seyfin açarlarını götürmək üçün evə qaçıb və tüfəngini çıxararaq dronları hədəf alıb",- məlumatda qeyd edilib.
Xatırladaq ki, iyunun 1-də Ukrayna kod adı "Pautina" olan genişmiqyaslı əməliyyat keçirib. Bu əməliyyat zamanı Rusiyanın 5 hərbi aerodromuna, o cümlədən Murmansk, İrkutsk, İvanovo, Ryazan və Amur vilayətlərindəki obyektlərə hücum edilib.
Bu, münaqişə zamanı Sibirə ilk hücum olub. Əməliyyatı Ukrayna Təhlükəsizlik Xidməti (SBU) təşkil edib və əməliyyat il yarımdan çox müddətə hazırlanıb. Əməliyyatda 117 FPV pilotsuz uçan aparatından istifadə edilib. Onlar gizli şəkildə Rusiya ərazisinə gətirilib və yardımçı tikililərdə- mobil sığınacaqlara yerləşdirilib. Pilotsuz təyyarələr uzaqdan işə salınaraq strateji hədəfləri, o cümlədən Tu-95 bombardmançıları və A-50 təyyarələrini vurub.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural