Kəbə ibadət mərkəzindən ticarət mərkəzinə çevrilib- Tural İrfan yazır

Kəbə ibadət mərkəzindən ticarət mərkəzinə çevrilib- Tural İrfan yazır
09:39
Epşteynin körfəz ölkələrindəki dostları ona Kəbənin örtüyünü bağışlayıbmış. O da öz qərargahında örtüyü ayaq altına salıbmış. Satanizmə görə İblisə xidmət üçün saf və müqəddəs sayılanları təhqir etmək, murdarlamaq, ibadətləri tərsinə etmək ayinlərin tərkib hissəsidir. Uşaqları, məsum insanları İblisə qurban verməklə ona yaxınlaşdıqlarını güman edirlər. Müasir satanizmin banisi, amerikalı Anton Laveyin 9 maddəlik bəyanatında və doktrinasında hətta İblislə müqavilə bağladığı haqda yazılar, nümunələr var.
Təmizlik, saflıq, halal qidalar Allaha yaxınlaşdırdığı kimi, natəmizlik, xəbislik, haram qidalar və çirkin əməllər də İblisə yaxınlaşdırır. Allahın peyğəmbərləri olduğu kimi İblisin də peyğəmbərləri var. Allahın peyğəmbərləri məlumdur, amma İblisin göndərdikləri məlum deyil. Sadəcə bu cür hadisələr baş verdikcə təxmin edirik ki, həmin şəxslər məhz İblisin peyğəmbərləridir.
Bütün adi əməlləri törədib, artıq qeyri - adi əməllərə keçərək alt qatda da həqiqətən şeytana xas (dini inanca görə İblisə aid edilən xarakter və xüsusiyyətlərlə) məqsədlərə xidmət etmək sıradan bir psixoloji problemi olan şəxsin törətdiyi hadisə deyil. Təməli, mahiyyəti, məramı, hədəfləri olan rasional hadisədir.
Bir çox cadugərlər Quranın üstündə oturur yaxud müqəddəs yazıları nəcisə bulaşdırırlar ki, şər qüvvələri razı sala, mənfi enerjini toplaya bilsinlər. Epşteyn dosyası açıldıqca satanizmin müasir üsullarda təzahürünü görürük. Təbii ki, bunun alt qatı, siyasi tərəfləri də var...
Kəbənin örtüyü müqəddəsdirmi? Əslində müqəddəs deyil. Amma ehtirama layiqdir. Örtüyü məhz Kəbənin örtüyü olduğuna görə təhqir etmək küfrə və harama səbəb ola bilər.
Ancaq bu da faktdır ki, Kəbəni heç zaman qeyri müsəlmanlar təhqir edib ziyan vurmayıb. Bir neçə dəfə müsəlmanlar yandırıb, dağıdıb təhqir ediblər. İlk dəfə Əməvilər zamanında Kəbə yandırılıb, mancanağa verilib. Sonra Bəhreyndə kök salan İsmaili Qərmətilər Kəbəni dağıdıb, hacıları öldürüb Zəmzəm quyusuna doldurublar. Hətta Kəbədən Qara Daşı da götürüb ortadan iki yerə parçalayıb sultanlarının ayaq altına qoyublar. 20 il Kəbə Qara Daşsız qalıb.
Müasir zamanda İranın dəstəklədiyi Yəməndəki Husilər də dəfələrlə Kəbəni raketlə vuracaqlarını dilə gətiriblər. Çünki batini, şüubiyyə ideologiyasına görə Kəbə adi maketdir, əsas müqəddəs olan digər inanclar və müvafiq ziyarətgahlardır.
Ən sonda isə 1979-cu ildə radikal vəhhabilər: Cuheymin əl Uteybi və Məhəmməd bin Abdullah əl Qəhtani adlı üsyançılar Kəbəni işğal edərək minarələrdə snayperlər yerləşdirib pulemyotlardan hökumət nümayəndələrini öldürməyə başladılar. Səudiyyə hökuməti tank və ağır silahlardan Kəbənin ətrafını atəşə tutsa da üsyançılara bata bilmədi. Pakistandan xüsusi təyinatlılar gətirildi, onlar da bir iş görə bilmədi. Nəticədə Kəbə və ətrafı alova büründü. Axır nəticədə İbn Bazın fətvası ilə Fransadan xüsusi təyinatlı dəstələr gətirildi və onlara kağızdan kəlimeyi şəhadət oxudaraq (İslam inancına görə Kəbəyə qeyri müsəlmanların daxil olması qəti qadağandır) bir neçə saatlıq "müsəlman" etdilər. Əməliyyatçılar bütün müasir silahlardan istifadə edərək Kəbəni və ətraf tikililəri atəşə tutdular. Nəhayət zirzəmilərə su buraxıb sonra da ağır yüklü elektrik cərəyanı verdilər. Üsyançıların çoxu öldü, salamat qalanları da Səudiyyə hökuməti qısa zamanda ölkə qanunlarına uyğun olaraq xəlifə Mötəsim Babək Xürrəmini doğratdığı kimi tikə-tikə doğratdı.
Tarixdə Kəbəyə xristianların, yəhudilərin yaxud digər qeyri islami inanclara sahib olanların ziyan vurmasına rast gəlinmir. Epşteyn məsələsindən də məlum olur ki, Kəbənin örtüyünü ona məhz müsəlman dostu göndərib. Quranda bu cür müsəlmanlar münafiq adlandırılır. Yəni, üzdə müsəlman, amma batində kafir, xain, xəbis.
Kəbənin örtüyünü çox bahalı parça və qızılla hazırlayırlar. Hansı ki, dində belə işlər qadağan sayılır. Bu parçanı hər il dəyişirlər və hissələrə bölüb öz aralarında paylaşdırırlar. Nəticədə bu örtükdən bir hissə də Şeytana - Epşteynə göndərilib. Kəbəni artıq ibadət mərkəzindən ticarət mərkəzinə, mərhəmət məbədindən şöhrət mənbəyinə çeviriblər...
Tural İrfan, dinşünas

Sizin reklam burada
Sizin reklam burada