Kazinolar yalnız xüsusi adalarda açılacaq: Turizmə təkan verəcək - Deputat

Kazinolar yalnız xüsusi adalarda açılacaq: Turizmə təkan verəcək - Deputat
31 İyl 2025 17:08

“Qanuni şəkildə fəaliyyət göstərəcək kazinolar elit turizmin inkişafına təkan verəcək”.

Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanda kazinoların qanuni əsaslarla fəaliyyət göstərməsi ilə bağlı məsələni News365.az-a şərh edib.

O bildirib ki, bu fəaliyyət yalnız xüsusi tənzimlənmiş süni adalarda nəzərdə tutulur və ölkənin bütün ərazisini əhatə etmir.

Deputatın sözlərinə görə, qanunvericiliyə əsasən, kazinoda iştirak etmək üçün yaş həddi müəyyən olunub: “18 yaşına qədər olan şəxslərin bu fəaliyyətə cəlb olunması yolverilməzdir. Amma buradakı tənzimləmədə bu yaş həddi 21 olaraq nəzərdə tutulub”.

Aydın Hüseynov qeyd edib ki, kazinoların fəaliyyətə başlaması ölkəyə elit turistlərin cəlb olunması baxımından önəmli addımdır: “Bu, turizmin inkişafına müsbət təsir göstərəcək və eyni zamanda məşğulluğun artırılması baxımından da faydalı olacaq. Turizm sektoru ölkə iqtisadiyyatında mühüm sahələrdən biridir və bu istiqamətdə atılan addımlar məqsədəuyğundur”.

Qeyd edək ki, kazinoların fəaliyyət göstərəcəyi xüsusi adalarla bağlı qanunvericilikdə artıq müvafiq dəyişikliklər qəbul olunub.


Sizin reklam burada
Sizin reklam burada