Soyuq, küləkli və dəyişkən hava şəraitində ürək sağlamlığına nəzarət daha böyük diqqət tələb edir.
Kardioloq İosif Şubitidze xəbərdarlıq edir ki, belə havalarda ürək-damar problemi olanlar, yüksək təzyiqdən əziyyət çəkənlər və yaşlı insanlar uzun müddət çöldə qalmaqdan çəkinməlidirlər.
Mütəxəssisin fikrincə, fiziki aktivlik faydalı olsa da, hava şəraitinin kəskin dəyişməsi ürəyə əlavə yük salır və onun işini çətinləşdirə bilər. Xüsusilə qışda gəzintilər 30 dəqiqəni keçərsə, mütləq fasilə verilməli, ürək döyüntüsü, ümumi vəziyyət və bədənin soyuma əlamətləri diqqətlə izlənməlidir.
Şubitidze açıq havaya çıxmazdan əvvəl güclü qəhvə və tünd çay qəbulunun məsləhət olmadığını, alkoqoldan isə tamamilə uzaq durmağın vacibliyini vurğulayır. Onun sözlərinə görə, uzun müddət soyuqda qalmaq damarların daralmasına səbəb olur, bu isə qan təzyiqinin kəskin yüksəlməsi, aritmiya və ürək çatışmazlığı riskini artırır. Buna görə xəstələr dərmanlarını hər zaman özləri ilə götürməli, stressdən və yuxu pozğunluğundan uzaq durmalı, düzgün qidalanmaya diqqət ayırmalıdırlar. Qış mövsümündə orqanizm vitamin və minerallara daha çox ehtiyac duyduğu üçün rasional qidalanma xüsusilə önəmlidir.
Mütəxəssis həmçinin bildirir ki, qışda immun sisteminin güclü olması çox vacibdir, çünki respirator xəstəliklər mövcud ürək problemlərini qısa müddətdə daha ağır vəziyyətə sala bilər.