İsveçrədə kasıb olmaq belə ləzzət edir – səbəb nədir? - VİDEO

İsveçrədə kasıb olmaq belə ləzzət edir – səbəb nədir? - VİDEO
17 May 2025 20:04

Bu gün çoxunuzun səyahət edib görmək istədiyi və ya tamamilə orada yaşamaq arzusunda olduğu, buna görə də sizə cəlbedici görünən bir sıra ölkələr mütləq var. Bəziləriniz arzuladığınız ölkələrin iqlimindən və təbiətindən xoşunuz gəlir, bəziləriniz isə həmin ölkədəki insanların mədəniyyəti və həyat tərzini xarakterinizlə daha çox uyğunlaşdırırsınız. Digər bəziləriniz isə tamamilə iqtisadi səbəblərdən yaşadığınız ölkəni tərk etmək istəyirsiniz. Bəs sizə bu şərtlərin hamısının asanlıqla təmin olunduğu tək bir ölkədən danışsam, necə olar? Bəli, güman edirəm ki, belə bir yer var. Demək olar ki, hər kəsin firavanlıq içində yaşadığı, hər qarış torpağı təhlükəsiz olan və toxunulmamış təbiəti ilə xoşbəxtliyin paytaxtı adlandırıla biləcək bir ölkə. Söhbət İsveçrədən gedir.


Dənizə çıxışı olmayan İsveçrə, Alp dağları, düzənliklər və dağlar arasında yerləşir və ərazi baxımından o qədər də böyük olmayan bir ölkədir. Alp dağları ölkənin böyük bir hissəsini əhatə edir və bu ərazilər 8,5 milyonluq insan toplumuna ev sahibliyi edir. Rəsmi adı ilə İsveçrə Konfederasiyası olaraq tanınır və hələ 1815-ci ildən bəri bu ölkədə heç bir müharibə izinə rast gəlinməyib.


Bəlkə də elə buna görə onların iqtisadiyyatı daim inkişaf edib və bu gün dünyanın ən varlı ölkələri arasında yer alırlar. Eyni zamanda, insan həyatı və sağlamlığını qorumaq üçün yaradılmış beynəlxalq bir humanitar təşkilat olan Qırmızı Xaçın yaranmasına da öncülük ediblər. Bir çox insanlar İsveçrəni Avropa İttifaqının üzvü hesab edir. Lakin bu ölkə Avro zonasının üzvü deyil. Buna görə də onların pul vahidi avro deyil, İsveçrə frankıdır. Buna baxmayaraq, əgər Şengen vizanız varsa, digər Avropa ölkələrini gəzdiyiniz kimi İsveçrəni də rahatlıqla gəzə bilərsiniz. Ancaq ora getməzdən əvvəl bəzi detalları bilməyiniz vacibdir. Bu video boyu sizə İsveçrəyə necə gedə bilərsiniz? Getdikdə nələrlə rastlaşacaqsınız və nələr etməlisiniz. Bunlardan danısacam. 


Məsələn, ölkə dil və mədəniyyət baxımından dörd əsas bölgəyə bölünüb. İnsanlar danışdıqları dilə görə müxtəlif bölgələrdə toplaşıblar. Alman dili, fransız dili, italyan dili və romanş dili olmaqla dörd rəsmi dilə sahib nadir ölkələrdəndir. Məsələn, bir bölgədə əsasən alman dili danışıldığı halda, ölkənin başqa bir hissəsində tamamilə fransız və ya italyan dilində danışıldığının şahidi ola bilərsiniz. Bu səbəbdən ölkə üzrə vahid dil birliyi İsveçrədə təmin olunmayıb.


Həmçinin, bu ölkədə dini birlik də demək olar ki, yoxdur. Xristian əhalisi digər inanclardan daha çox olsa da, onların öz aralarında protestant və katolik olaraq bölünmələri mövcuddur. Amma oradakı yerli əhali bunları o qədər də problem etmir. Çünki hansı bölgədə yaşamağınızdan asılı olmayaraq, insanlar yalnız öz rahatlığını, xoşbəxtliyini düşünürlər və başqasının nəyə inandığı, hansı dildə danışdığı kimi məsələlərə o qədər də əhəmiyyət vermirlər. İnsanlar daha çox sahib olduqları sərvətin və yüksək həyat keyfiyyətinin dadını çıxarmaqla məşğuldurlar. Adam başına düşən alıcılıq qabiliyyəti kifayət qədər yüksək olduğu üçün istədikləri əşyalara asanlıqla sahib ola bilirlər.


İsveçrə ilə bağlı eşitmiş ola biləcəyiniz ən məşhur yerlərin başında Sürix, Lozanna, Bazel və Cenevrə kimi şəhərlər gəlir. Xarici ölkələrdən uçuşlar daha çox bu şəhərlərə təşkil olunur və turist kimi gələnlər əsasən bu şəhərlərdə vaxt keçirirlər. Gəlmişkən, bu şəhərlərdə keçirilən saysız festivallarda da əyləncənin zirvəsini yaşayırlar. Məsələn, yanvar ayında keçirilən Beynəlxalq Balon Festivalı, fevralın ortalarında Bazeldə keçirilən Maska Festivalı, Pasxa Musiqi Festivalı, Sürix Şəhər Karnavalı və Cenevrə Beynəlxalq Film Festivalı kimi bir çox tədbirə ev sahibliyi edirlər. İndi isə bir qədər iştah açan mövzulardan danışaq. İnsan başqa bir ölkəyə ilk dəfə səfər edəcəksə, ən çox nəyi arzulayar? Əlbəttə ki, həmin ölkənin ənənəvi dadlarını və məşhur yeməklərini dadmağı. Əminəm ki, dünyada pendir və ya şokoladı sevməyən çox az insan tapılar. İsveçrəli sahibkarlar da bunun fərqinə varıblar ki, pendir və şokolad istehsalında demək olar ki, zirvəyə yüksəliblər. Onlar dünyanın ən keyfiyyətli pendir və şokoladlarını istehsal edir və xarici ölkələrə ixrac edirlər. İşlərində elə ustalaşıblar ki, təxminən 450 növ pendir istehsal edirlər. Bunlar arasında ən məşhuru isə qazana qoyulmuş pendirin içərisinə uzun çəngəllərlə çörək batırılaraq yeyilən fondüdür. Ancaq bu ölkəni əsl məşhur edən məhsul şübhəsiz ki, şokoladlarıdır. 18-ci əsrdən bu yana dünyanın həm ən çox, həm də ən keyfiyyətli şokoladlarını istehsal edən ölkədir. Xüsusilə 19-cu əsrin sonlarında temperləmə kimi texniki üsulların inkişafı ilə İsveçrə şokoladının keyfiyyəti yüksəlib və dünya miqyasında tanınıb. Texnologiyanın yanaşı olaraq, isveçrəli ixtiraçı Daniel Peter böyük bir yenilik edərək südlü şokoladı istehsal etmiş və bununla da İsveçrə şokoladla adı hallanan markalı bir ölkəyə çevrilmişdir. İsveçrədə demək olar ki, hər küncdə yerləşən orijinal mağazalardan zövqünüzə uyğun müxtəlif şokoladlar tapa bilərsiniz. Amma qeyd etmək lazımdır ki, İsveçrədə şokoladlar da digər qidalar kimi kifayət qədər bahadır. Bunun səbəbi isə istehsal olunan hər bir məhsulun ən yüksək keyfiyyətli inqrediyentlərdən hazırlanması ilə izah olunur. Əgər siz turistsinizsə, öz ölkənizdəki sevdiklərinizə şokolad hədiyyə etmək bir qədər xərc tələb edə bilər.


Gəlin indi İsveçrə həyatından bəzi nümunələrə nəzər salaq. İsveçrə dünyada birbaşa demokratiya ilə idarə olunan yeganə ölkədir. Yəni, təsəvvür edin ki, siz orada bir vətəndaşsınız və həyatınıza mənfi təsir edən bir qanun var. Siz, sadə bir insan olaraq, o qanuna qarşı məhkəməyə müraciət edə və konstitusiyanın dəyişdirilməsini tələb edə bilərsiniz. Digər tərəfdən, bu ölkədə insanlar müəllim olmağı çox sevir və təhsil baxımından həqiqətən keyfiyyətli fərdlər yetişdirirlər. Bunun açıq nümunəsi kimi ölkədə cinayət səviyyəsinin olduqca aşağı olması və Avropanın ən yaxşı riyaziyyatçılarının bu ölkədən çıxması göstərilə bilər. Bundan əlavə, müəllimlər ildə 120 min dollardan artıq maaş alırlar. 


Digər tərəfdən, bu ölkədə dövlət başçısı da yoxdur. Onun yerinə dövlət başçısının vəzifələrini yerinə yetirən 7 nəfərlik bir şura fəaliyyət göstərir. Hətta bir az da irəli gedək: ölkənin qanuni olaraq rəsmi paytaxtı belə yoxdur. Amma Bern şəhəri faktiki olaraq paytaxt kimi qəbul edilir.


İsveçrənin dünyanın ən təhlükəsiz ölkələrindən biri olduğunu da rahatlıqla deyə bilərik. Ölkədə mümkün nüvə müharibəsinə qarşı saysız-hesabsız yeraltı sığınacaqlar mövcuddur. Hətta hər hansı müharibə ehtimalına qarşı avtomobil yollarını baryerləri çıxarıla biləcək şəkildə təyyarə zolağına çevirmək mümkün olacaq şəkildə dizayn ediblər. 


Maraqlısı odur ki, bu ölkədə silah satışı da olduqca yüksəkdir. Təxminən 9 milyon əhalisi olan bu ölkədə 4 milyona yaxın silahın olduğu ehtimal olunur. Bu qədər silah olmasına baxmayaraq, daha əvvəl də qeyd etdiyimiz kimi, dünyada ən aşağı cinayət səviyyəsinə malik ölkələrin başında gəlirlər. Bundan əlavə, 18 yaşına çatan kişilər üçün hərbi xidmət məcburidir.


Xaricdən baxıldıqda sülhpərvər, sakit və passiv insanların ölkəsi kimi tanınan İsveçrə, bu cür ciddi qaydaları ilə kifayət qədər diqqət çəkir. Bizim üçün qeyri-adi olan başqa bir tətbiq isə cərimələrlə bağlıdır. Məsələn, lüks avtomobili olan biri ilə adi avtomobili olan biri eyni yol qaydasını pozarsa, lüks avtomobili olan şəxsə daha çox cərimə kəsilir. Bunun səbəbi isə aydındır – çünki lüks avtomobil sahibi varlı sayılır və tətbiq olunan cərimələr şəxsin gəlirinə görə dəyişir.


Bəs Azərbaycandan İsveçrəyə necə getmək olar? Hansı sənədlər lazımdır və təxmini xərclər nə qədərdir? Gəlin bu suallara cavab axtaraq. Azərbaycan vətəndaşlarının İsveçrəyə səfər etmək üçün Şengen vizasına ehtiyacı var. Bu viza İsveçrə səfirliyi vasitəsilə əldə olunur və qısa müddətli səfərlər üçün nəzərdə tutulur. Standart Şengen vizası üçün ödəniş – təxminən 80 avrodur, amma rəsmi şəxslər və bəzi yaş qrupları üçün güzəştlər var. Bakıdan İsveçrəyə birbaşa və ya tranzit reyslərlə getmək mümkündür. Əsas istiqamətlər – Sürix, Cenevrə və Bazel şəhərləridir. Bakı – Sürix – Bakı gediş-dönüş: təxminən 450 – 700 AZN arası olmaqla, mövsümə və sifariş vaxtına görə dəyişir. Bakı – Cenevrə – Bakı reysi isə təxminən 500 – 800 manata başa gəlir.


Bu xərcləri çəkib, orosedurları keçib bir həftəlik belə olsa getsəniz, peşman olmayacaqsınız. Çünki, İsveçrə dünyanın ən təhlükəsiz, ən rahat və yaşamaq üçün ən əlverişli ölkələrindən biridir. Əminəm ki, orada yaşayıb da İsveçrədən narazı olan insanların sayı demək olar ki, yox səviyyəsindədir. Əgər rda yasayan həmvətənlilərimiz varsa, fikirlərini bölüşə bilərlər. 


“Rolex”, “Tissot”, “Omega” kimi dünyaca məşhur saat markalarının vətəni də İsveçrədir. Ölkə illik saat ixracı ilə dünya bazarında liderlik edir və "İsveçrə saatı" anlayışı keyfiyyət simvoluna çevrilib. Bundan əlavə, İsveçrə bank sistemləri yüksək məxfilik və etibarlılığı ilə seçilir. Uzun illər ərzində dünyanın ən varlı şəxsləri pullarını məhz İsveçrə banklarında saxlayıblar.




Sizin reklam burada
Sizin reklam burada