İsrail Yaxın Şərqi yenidən formalaşdırır -“Der Spiegel”

İsrail Yaxın Şərqi yenidən formalaşdırır -“Der Spiegel”
09:55

ABŞ-nin keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton deyib ki, İsrailin baş naziri Benyamin Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün “fürsət tapıb”. Çünki İran indi həmişəkindən daha zəifdir. Onun sözlərini “Der Spiegel” nəşri sitat gətirib.


"Netanyahu hakimiyyət dəyişikliyi üçün fürsət görür. Çünki İslam respublikası 1979-cu ildə qurulandan bəri hər zaman olduğundan daha zəifdir. İsrail 2023-cü il oktyabrın 7-də HƏMAS-ın terror hücumundan sonra Yaxın Şərqi yenidən quraraq İran və müttəfiqlərini bir-birinin ardınca məğlubiyyətə uğradıb", - Bolton bildirib.


Eyni zamanda o, yəhudi dövlətinin ABŞ-nin köməyi olmadan İranın nüvə proqramını tamamilə məhv edə biləcəyinə şübhə ilə yanaşır.

Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İranın nüvə və raket proqramlarına zərər vurmaq üçün "Am KeLavi" (Şir kimi millət) əməliyyatına başladığını elan edib. ÇAXAL Tehran və Natanz da daxil olmaqla bir neçə bölgədə əvvəlcədən müəyyənləşdirilmiş hədəflərə zərbələr endirib. Hədəflər İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinin yerləşdiyi hərbi bazalar, hava hücumundan müdafiə sistemləri və bəzi yaşayış kompleksləri olub.

Belə bir gərginlik fonunda İranın ali dini lideri Əli Xamenei vətəndaşlara müraciət edib. O, gözlənilməz hücumlar nəticəsində bir neçə alim və yüksək rütbəli komandirin həlak olduğunu bildirib. Eyni zamanda Xamneyi İsrailin zərbələrinə cavab məsələsində İran əsgərlərinə “hərəkət azadlığı” verdiyini bildirib. Artıq bir neçə gündür ki, hər iki ölkə qarşılıqlı şəkildə bir-birinin ərazisini bombalayır.

Tural


Sizin reklam burada
Sizin reklam burada