İslam dindir, partiya deyil- Tural İrfan yazır

İslam dindir, partiya deyil- Tural İrfan yazır
09:26
Səmavi dinlər siyasi partiya deyil və dinlər dövlət və ya hakimiyyət qurmaq, onları idarə etmək üçün meydana gəlmir. Sağlam cəmiyyət qurmaq, bəşəriyyətin mənəvi zənginliyini təmin etmək üçün gəlir. Çünki cəmiyyət sağlam olanda, insanlar mənəviyyatlı olanda özlərinə normal dövlət də qururlar, hakimiyyət də qururlar.
Odur ki, İslam adı ilə ortaya atılan istənilən siyasi təşkilat, qurum batildir. Çünki İslam dindir, partiya deyil. Din ilə siyasi təşkilat tamamilə fərqlidir.
Quranda bununla bağlı çoxsaylı faktlar var. Allah - təala Musa peyğəmbərə Misir rejimini tək Allaha imana dəvət etmək üçün göndərdiyini deyir, hətta Fironla yumşaq danışmasını əmr edir. Musa peyğəmbər Fironla siyasi hakimiyyət uğrunda mübarizə aparmırdı, Allaha imana dəvət edirdi və əxlaqlı sağlam cəmiyyət naminə missiyasını ortaya qoyurdu.
Quranda "Ğaşiyə" surəsi 21 - 22 - ci ayələrdə Muhəmməd peyğəmbərə Allah tərəfindən buyurulur: "Onlara nəsihət ver! Sən yalnız nəsihətçisən. Sən onların üstündə hökmdar deyilsən."
Yəni, Həzrət Muhamməd də missiyasını elan edəndə yaxud sonrakı mərhələdə, siyasi yox dini-mənəvi təbliğat aparırdı. Onun fəaliyyəti cəmiyyətin sağlamlaşması, əxlaq normaları və düzgün əqidə uğrunda idi.
O hökmdar deyildi və kral kimi də yaşamırdı. Gördüyü işləri də şura təşkil edib məşvərətlə icra edirdi. Səhabələrlə müşavirə keçirir, məsləhətləşirdi. Quranda "Şura" surəsində möminlərin də işlərini şura ilə həyata keçirməsi deyilir.
Onun özündən sonra siyasi hakim təyin etməməsinin bir səbəbi də budur ki, o məhz Peyğəmbər idi. Peyğəmbərlik mirası başqadır. Məsələn, Musa Peyğəmbər dua edib özündən sonra qardaşı Harunun onun yerində olmasını diləmişdi. Fəqət bu siyasi hakimiyyət üçün deyil, ilahi missiyanın təbliği üçün idi.
Peyğəmbərlər özlərindən sonra heç bir hakim, siyasi rəhbər təyin etməyiblər. Bu seçimi qurmuş olduqları cəmiyyətlərin öz öhdəsinə həvalə ediblər.
Quranın şura çağırışı da bunun sübutudur.
Tural İrfan, MCP sədrinin müavini, politoloq

Sizin reklam burada
Sizin reklam burada