İran və İsraildə daxili siyasətdə baş verəcək proseslər yaxın vaxtlarda regionda baş verə biləcək dəyişikliklərin əsas göstəricilərindən biri kimi çıxış edir. Politoloq Telman Nüsrətoğlunun sözlərinə görə, bu proseslərdə daxili güc amilləri mühüm rol oynayacaq.
“İsrail rəsmilərinin son açıqlamalarına nəzər salsaq, onların əsas hədəflərindən birinin İran rejiminin dəyişdirilməsi olduğunu görə bilərik. Tarixə nəzər saldıqda, Şah dövründə İran-İsrail münasibətləri strateji müttəfiqlik səviyyəsində idi. Hətta bir müsəlman ölkəsi olaraq İsraili tanıyan ilk dövlət də İran olub. Bu gün isə Şahın oğlunun İsraildə himayə olunması və verilən mesajlar bu istiqamətdə müəyyən planların mövcudluğundan xəbər verir”, – deyə politoloq bildirib.
Onun sözlərinə görə, hazırkı mərhələdə hərbi əməliyyatların müvəqqəti dayandırılması da təsadüfi deyil: “Əgər bu əməliyyatlar dayanırsa, deməli, digər müstəvilərdə – daxili sabitliyin pozulması, narazılıqların artırılması və rejimə qarşı etirazların formalaşdırılması üçün şərait yaradılır. Çünki ‘xarici düşmən’ obrazı xalqı rejim ətrafında birləşdirən əsas faktorlardan biridir.”
Nüsrətoğlu vurğulayıb ki, burada məqsəd yalnız nüvə məsələsi ilə bağlı deyil: “Daha geniş strateji məqsədlər var. Ümumdünya Təhlükəsizlik Konfransında da qeyd edildi ki, artıq dünyanı yönəldən güclər çoxqütblü dünyanın qaçılmazlığını qəbul edirlər. Belə bir dünyada Yaxın Şərq bölgəsinin rolu daha da artır.”
Politoloq bildirib ki, İranın Hürmüz boğazını bağlaması ehtimalı da qlobal iqtisadiyyata ciddi təsir göstərə bilər: “Əgər boğaz bağlansa, bu, xüsusilə Çin üçün iqtisadi təhlükədir. Çünki Çin öz neft ehtiyacının böyük hissəsini bu marşrutla qarşılayır. Boğazın bağlanması neft qiymətlərində kəskin artıma səbəb ola bilər.”
Sonda Telman Nüsrətoğlu əlavə edib ki, regionda diplomatik, hərbi və iqtisadi müstəvilərdə davam edən gərgin mübarizənin əsas məqsədlərindən biri də Yaxın Şərqin yenidən dizayn olunması və İsrailin təhlükəsizliyinin təmin edilməsidir. Bu isə ABŞ-ın xarici siyasətində xüsusi önəm daşıyır.