Artıq 11-ci sinif buraxılış imtahanlarının nəticələri tamamilə elan edildi. Bu il ümumilikdə 43 nəfər 300 bal toplayaraq maksimal nəticə əldə edib.
İmtahan nəticələrini şərh edən elm və təhsil eksperti Kamran Əsədov bildirib ki, 2019-cu ildən Dövlət İmtahan Mərkəzi orta ümumi təhsil məktəblərində yeni qiymətləndirmə ilə buraxılış imtahanları keçirir:
“2019-cu ildə 4, 2020-ci ildə 5 nəfər maksimum nəticə göstərmişdi. Amma 2023-cü ildə heç kim bu nəticəni əldə etməmişdi. 2024-cü ildə 53 nəfər maksimum nəticə olan 300 balı toplamışdı. Bu il 43 nəfər maksimum nəticə əldə edib. Bu o qədər də ciddi azalma hesab olunmur. Ümumilikdə imtahanlarda 120 minə yaxın şəxs iştirak edib. Onlardan 43 nəfərinin maksimum bal toplaması nəticə olaraq qənaətbəxş hesab oluna bilər. Ən ciddi məsələ 150-dən daha çox bal toplayanların sayıdır. Burada keçən illə müqayisədə ciddi artım var. Təqdim edilən test tapşırıqlarında orta və asan tipli suallar daha çoxluq təşkil edib. Yenə deyirəm, 2024-cü illə müqayisədə maksimum bal toplayanların sayının 53 nəfərdən 43 nəfərə düşməsi elə də ciddi fərq yaratmır. Çünki kifayət qədər 295 və daha yüksək bal toplayan şəxslər də var. Bu on göstərir ki, bu il ciddi rəqabət olacaq. Sualları təhlil edəndə DİM-in situasiya tipli suallarıla bağlı yanaşmanı müəyyən qədər dəyişib. Məntiqi düşünməni tələb edən açıq tipli suallar maksimum bal toplayanların sayına təsir edib. Ciddi azalma olsaydı bu təhlükəli sayıla bilərdi. Amma bu o qədər də böyük fərq deyil”.
Ekspert qeyd edib ki, abituriyentlər blok imtahanına daha ciddi hazırlaşmalıdırlar:
“Bu il I ixtisas qrupunun alt qruplarında müəyyən dəyişikliklər onların işini çətinləşdirəcək. Ümumilikdə isə abituriyentlərimizi çətin blok imtahanları gözləyir. Birmənalı şəkildə qeyd edim ki, birinci qrupun vəziyyəti tamamilə fərqli olacaq. Bu qrupda həm ballar, həm də plan yerlərində gərgin və xaotik vəziyyət yaşanacaq. Xüsusən alt qruplarla bağlı edilən dəyişikliyə bağlı olaraq xoşa gəlməz vəziyyət yaranacaq. Ümumilikdə III ixtisas qrupu üzrə də ciddi rəqabət gözlənilir. I ixtisas qrupunda informasiya texnologiyaları, informasiya təhlükəsizliyi həmişəki kimi rəqabətli olacaq. IV qrupda Qarabağ Universitetində də tibb ixtisasının açılması burada da rəqabətə öz təsirlərini göstərəcək”