Pakistan gecə saatlarında Cammu və Kəşmir ərazisindəki Nəzarət Xəttinə səbəbsiz atəş açıb. Bu barədə ANI agentliyi Hindistan quru qüvvələrinin bəyanatına istinadən məlumat yayıb.
"Mayın 8-də Pakistan Ordusunun postları Cammu və Kəşmirdə Kupvara, Baramulla, Uri və Axnova ilə üzbəüz ərazilərdə Nəzarət Xətti boyunca atıcı silahlardan və artilleriyadan atəşə tutulub", - ordunun bəyanatında bildirilib.
Hələlik dağıntı və tələfat barədə məlumat verilmir.
Xatırladaq ki, Hindistan Pakistan ərazilərini bombalayıb. Belə ki, Hindistanın Müdafiə Nazirliyi ölkənin silahlı qüvvələrinin Pakistanda doqquz hədəfə zərbə endirməsini və "Sindur" əməliyyatının başladığını elan edib.
Pakistan ordusu isə Hindistanın ölkədəki üç hədəfə və İslamabadın nəzarətində olan ərazilərə raket zərbələri endirdiyini təsdiqləyib. Pakistanın müdafiə naziri onu da bildirib ki, Hindistan hücumları dinc sakinlərin ölümünə səbəb olub. Onun sözlərinə görə, "Sindur" əməliyyatı zamanı zərbələr yalnız mülki hədəflərə endirilib.
22 apreldə "Kəşmir Müqaviməti" döyüşçüləri Cammu və Kəşmir ştatlarında hindistanlı turistlərə atəş açıb. Hadisədə 30 nəfər, o cümlədən Hindistan Hərbi Hava Qüvvələri və Donanmasının zabitləri həlak olublar. Sağ qalanların ifadəsinə görə, hücum edənlər ad və dini mənsubiyyəti soruşaraq qeyri-müsəlmanları güllələyiblər.
Tural