Səsi sözün üstə düşən işıq kimidi- bütün aydınlığı ilə "görünür". Dilindən qanadlanan poetik nümunələr adilikdən çıxır, insan qəlbinə hakim kəsilir, onu duyğulandırır, düşündürür. Bununla da bitmir. Həmin nümunələr ana dilimizin saflığını, musiqili ahəngini, şəhdi-şəkərini bütün şirinliyi, gözəlliyi ilə tamaşaçı qəlbinə köçürür.
ADMİU-nun Musiqili teatr aktyoru kafedrasının müdiri, tanınmış aktyor və bədii qiraət ustası, Əməkdar artist Azad Şükürov News365.az-a müsahibəsində ana dilimizin saflığının qorunması ilə bağlı onu qayğılandıran məsələlərdən ürək yanğısı ilə söz açdı.
-Azad müəllim, elə bil vaxt yaman tələskən olub. Gözünü açıb-yumursan, bir də baxırsan, aylar, illər keçib getdi ömürdən. Yoxsa, bu qaçhaqaç yaşa bağlıdı? Bəzən də elə bil özümüz tələsdiririk vaxtı, vədəni?...
-Əslində həyat tərzimizin tempi çox yüksəkdir.Və hər kəsdə bu tempdən geri qalmaq qorxusu var. Axı bu axından kim kənarda qalmaq istəyər ki. Özü də bu axından ayrılmaq həmən sənin yerinə kiminsə daxil olması deməkdir və nəticədə səni kənarda qalmaq, unudulmaq təhlükəsi gözləyə bilər. Bəli, bu acı həqiqətdir. Məsələnin başqa tərəfi də var ki, təzə başlayanda olsa-olsaydı ildə bir tədbirə və ya çəkilişə dəvət olunurdun, ya da yox. İndi isə hamı səni öz tədbirində, -yubileyində, yaradıcılıq gecəsində, ad günündə və s. təntənələrində görmək istəyir. Nəticədə bir də başını qaldırırsan ki, öz əllərinlə saldığın bağında ailəni, nəvələrini başına toplayıb bir samovar çayı içmək istəyin eləcə arzu olaraq qalıb. Yəni, bu artıq bir həyat tərzidir, bir yaşam reallığıdır ki, bunun da içində biz özümüzük.
-O da var ki, gedəni saxlamaq olmur- istədik, istəmədik ömür-günümüzdən apardığını aparır. Amma qalanlar da var.
-Əvvəla, Tanrının işinə qarışmaq olmaz. O, bildiyini yaxşı bilir. Bir də eşidirsən ki, dünən səninlə bir auditoriyada səsi gələn, eyni səhnədə, eyni kamera qarşısında dayandığın həmkarın, sənətçi dostun daha yoxdur. Köçüb bu işıqlı dünyadan. Bu, adama çox təsir edir,- barışsan da, barışmasan da. Nə yaxşı ki, bu dünyada əbədi qalan dəyərlər, sənət nümunələri var. Lentlərin yaddaşında qalan oynadığımız obrazlar, çıxış etdiyimiz məqamlarda, bu və ya digər görüşlərdə çəkilən şəkillər, tamaşaçıların yaddaşları var və s. Bax o müqəddəs dəyərlər xatirinə gecəni gündüzə qatıb Tanrı rizasıyla işləməyə, çalışmağa dəyər.
-İnsan ilahi sözün hikmətində, şair qəlbinin misralı pıçıltılarında da sabahın aydınlığını görə bilir.
-Əlbəttə, sözünüzdə böyük bir həqiqət var. Yaxşı ki, ən ağrılı məqamlarda könlümüzü ovunduran, ruhumuza sığal çəkən poeziya nümunələri var. Dodaqaltında "Hasilim yox səri-kuyində bəladan qeyri, Qərəzim yox rəhi eşqində fənadan qeyri..." (M.Füzuli),-deyib sakitləşirsən.
-Azad müəllim, düşünürəm ki, bu, həm də ana dilimizin qüdrətidi. Dilimizin zənginliyi, geniş ifadə imkanlarıdı.
-Əlbəttə. "Söz qalxıb ceyran dalına, Həsrət qalıb bir müğəyyəd qafiyənin imdadına" (R.Rza). Bax bu, dilin imkanlarından ustalıqla istifadə etməkdir. Və ya "Gah öpüb yarın ayağın, gah dolannıq başına, Biz pərişan zülflər tək şanələrdən çıxmışıq" (Ə.Vahid). A kişi, hansını deyim? Biz gənclərimizi, xüsusilə, orta məktəbdə bu ruhun işığında, bu dilin gözəlliyinə söykənərək tərbiyə etməliyik. Qarşımızda qapılarını böyük səxavətlə, tayabatay üzümüzə açan bir xəzinə var,- ANA DİLİMİZ. Bu xəzinədən nə səviyyədə istifadə eləmək artıq qeyrət məsələsidir.
-Sözsüz ki, ana dilini yalnız ünsiyyət vasitəsi kimi düşünmək sadəlövlük olardı.
-Ana dilimiz həm də elə ünsiyyət vasitəsidir. Həm də strateji məsələdir. Xalqın kimliyini təyin edən dəyərlər toplusudur. Millətin normal bir millət olması üçün onun gərək dili ola. Dilin də dil olması üçün gərəkdir ki, o dildə normal vəziyyətdə, bütün gözəlliyi ilə danışmağı bacaran bir millət ola.

-Son illər Azərbaycan dilinin saflığının qorunmasına dövlət başçısı səviyyəsində diqqətin ciddi şəkildə artdığına şahidik. Sanki ana dilimizə qarşı qloballaşan dünyadan qaynaqlanan narahatlıqlar çoxalıb, bu da cəmiyyəti təbii ki, düşündürməyə bilməz.
-Təsadüfi deyil ki, ölkə başçısı, cənab İlham Əliyev 03 noyabr 2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı "Azərbaycan dili çox zəngin dildir. Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Ancaq təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik - müstəqil Azərbaycan dövləti." deyərək , hamımızın boynuna çox müqəddəs bir vəzifə qoymuş oldu. Eyni zamanda, 05 yanvar 2026-cı ildə ölkə başçısı İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib və bu görüşdə də, "Ancaq dil o amildir ki, milləti millət edir. Biz bütün dövrlər ərzində dilimizi qorumuşuq və bu gün danışdığımız Azərbaycan dili bizim ulu babalarımızın danışdığı Azərbaycan dilindən fərqlənmir. Bu, böyük nailiyyətdir." kimi dilimiz-danışığımızla bağlı çox əhəmiyyətli, yol xəritəsinə çevrilə biləcək fikirlər söylədi.
Mən düz 42 ildir ki, ADMİU-da "Səhnə danışığı", "Nitq mədəniyyəti", "Natiqlik sənəti", "Televiziyada danışıq" və bu kimi fənlərdən dərs deyirəm. Yetişdirdiyim tələblər arasında dövlətimizin fəxri adlarına layiq görülmüş sənət adamları, tanınmış televiziya aparıcılıarı, kino və teatr xadimləri var. Ümummilli liderimiz Heydər Əliyevin dilimizə olan münasibətindən və bu sahədə atdığı cəsarətli addımlardan günlərlə danışmaq olar. İndi də hörmətli İlham Əliyevin bu sahəyə diqqəti artırması biz sənət adamlarına, bu sahədə pedaqoji fəaliyyət göstərənlərə sanki bir stimul verdi, qarşımızda konkret vəzifələr qoydu.

-Ana dili bu qədər dəyərlikən, fərd olaraq hər bir vətəndaş, bu dilin daşıyıcıları onu yad təsirlərdən qorumağa nə dərəcədə qətiyyətlidir? Bu qətiyyət cəmiyyətdə görünürmü?
-Nəinki cəmiyyətdə, lap elə dilin qayğısına qalmaq peşə borcu olmalı televiziyalarımızda, radiolarda səslənən danışığımızda kifayət qədər qüsurlar var. Yox, mən hər şeyi qara rəngdə görən, cəmiyyəti ümidsizliyə inandırmaq istəyində deyiləm. Əlbəttə, müsbət tərəflər də var. Danışığına, söylədiyi fikirlərə diqqətli olan kifayət qədər uğurlu diktor və aparıcılarımız var. Yeri gəlmişkən, özünü tərif olmasın, mən zaman-zaman danışıq sənətindən çörək qazanan bu və ya digər aparıcılara iradımı bildirir, qüsurlarını izah edirəm. Təəssüf olsun ki, bu "sənətkarların" əksəriyyəti güzgünü sındırmağa daha çox həvəslidilər, nəinki ləkələrini silməyə.

-Dil nitqdə reallaşır. Özünə yaşam qazanır. Ana dilində səlis, aydın, mənalı danışmaq, əlbəttə ki, hər kəsin arzusudu. Amma...
-Əvvəla onu deyim ki, bir məsələni qarışdırmaq olmaz. Dilimizin heç bir problemi yoxdur. Musiqili, yumşaq, hər bir fikri qısa və konkret ifadə edəcək dərəcədə zəngin bir dilimiz var. İndi gəl ki, ana dili adlandırdığımız bu dildə necə danışırıq məsələsində problemlər çoxdur. A kişi, problem yumşaq səslənir ey, belə düşmən münasibəti müşahidə olunmaqdadır. Hələ M.Ə.Sabirin şeirlərində, C.Məmmədquluzadənin felyetonlarında bu nöqsanlarımız haqqında üzümüzə sillə kimi çırpılan iradlar var. Hansını deyim. Allah M.Füzuliyə rəhmət eləsin, - "Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz." kimi eyham qoyub gedib. Allaha and olsun, hərdən şəhərimizin uca nöqtəsindən hayqırmaq istəyirəm ki, ay qardaşlar, nə əyninizdəki bahalı kostyumlar, nə taxdığınız firmaların qalstukları, nə qolunuzdakı saatlar, nə ayaqqabılarınız, nə də mindiyiniz bahalı maşınlar sizin ziyalılıq mərtəbənizi ehtiva eləmir. Ağzınızı açan kimi səviyyəniz görsənir. Amanın günüdür, birdən elə bilərsiniz ki, kiminsə imkanlı dolanmasına qısqanclıq hissim var. Yox, Allah xatirinə, qoy milllətimiz yaxşı yaşasın. Yaxşı geyinsin, bahalı maşınlarda gəzsin. Bunun nəyi pisdir ki... Bəs yüksək səviyyəli fikirlər söyləyərək, aydın danışmaq, təmiz tələffüzə malik olmaq, səlist və konkret danışmaq, fikirlərini işıqlı surətdə izhar etmək, axı bunlardır gözəllik. Yoxsa düz demirəm?

-Viziual məkanda dilimizin qayda-qanunları, normaları necə qorunur? Müçahidələriniz nə görsədir? Dilimizin saflığının qorunması üçün hansı məsələlərin həllini birinci dərəcəli hesab edirsiniz?
-Əvvəla, sənətin danışıq növünü seçən gənclərin bu sahəyə hazırlıq prosesini keçmə vacibliyini diqqətə almaq lazımdır. Bu mənada ADMİU-dakı mütəxəssislərin gücündən daha səmərəli istifadə etmək faydalı olardı. Yeri gəlmişkən, Azərbaycan Televiziyasının nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının müsbət nəticələri sevindirici haldır, ümidverəndir. Elmlər Akademiyasının Dilçilik İnstitutunun əməkdaşlarının da bu sahədəki fəaliyyəti təqdirəlayiqdir. Amma etiraf etməliyik ki, ümumi vəziyyət elə də ürəkaçan deyil. Danışıq sənəti istiqamətində heç bir hazırlıq prosesi keçməyən, təkcə yanına və yanbuzuna diqqət verən savadsız, bütün fəaliyyəti boyunda dilimizin anasını ağladan aparıcı və diktorların yağışdan sonra göbələk kimi efir və ekran məkanımızı işğal etməsinə mane olmaq lazımdır. Yoxsa bunun ağır nəticələrini aradan qaldırmaq daha çətin olacaq.

-Dilimiz həm də zənginləşməlidir, inkişaf etməlidir. Bu məsuliyyətli işin ağırlığını daşıyanların ön sırasında kimlər dayanmalıdır?
-Bu sahəyə diqqətin artırılmasında və müsbət nəticələrin əldə edilməsində şübhəsiz ki, mədəniyyət və elm adamlarının gücündən istifadə etmək faydalı olar. Xüsusilə orta məktəblərdə şagirdlərin nitq qabiliyyətinin inkişaf etdirilməsinə, dilimizə, danışığımıza diqqətin artırılmasına xidmət edəcək xüsusi təcrübə proqramlarının qurulmasına və bunun tədris prosesində uğurla həyata keçirilməsinə böyük ehtiyac var. Gəlin açıq danışaq. Orta məktəbi bitirən gənclərimiz adi bir fikrini izah edərkən nə səviyyədə danışırlar. Onlardan öz arzu və istəklərindən, doğmaca ata və anasından danışmağı rica edərkən necə bir danışığın, necə bir fikir ifadəsinin şahidi oluruq. Eyni zamanda bu istiqamətdə televiziya məkanında xüsusi verilişlərin hazırlanması da fatdalı ola bilər.
-Dil həm də yaddaşdı- milli kimliyimizin yaddaşı. Bu səbəbdən yaddaşımızı qorumaq, yaşatmaq üçün oyaq, ayıq-sayıq, məsuliyyətli olmalıyıq.
-Xalqın, millətin yaddaş etikasına, estetikasına malik olması onun yaşaması, ayaqda durması üçün vacib keyfiyyətdir. Biz haradan gəlirik, haraya gedirik, hansı məqamdayıq, qüsurlarımızı necə dəf etməliyik, uğurlarımızı necə qoruyub inkişaf etdirməliyik və s. kimi vacib keyfiyyətlərin şüurlarda, düşüncələrdə yer almasına, özü də möhkəm yer tutmasına bütün qüvvə və bacarığımızla çalışmalıyıq. Teatrımızın, kinomuzun, televiziya məkanımızın, musiqimizin, rəssamlığımızın, poeziyamızın gücündən səmərəli istifadə etməklə düşüncəli gənclərimizin yetişdirilməsinə nail ola bilərik. Bu vəzifələrin yerinə yetirilməsində heç kəs yaxasını kənara çəkməməlidir. Xüsusilə, Mədəniyyət Nazirliyinin, Elm və Təhsil Nazirlyinin, Mətbuat Şurasının və digər humanitar sahələrdə fəaliyyət göstərən qurumların gücündən kompleks şəkildə istifadə edilməlidir.
Nazim Əlifov