Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu işsizliklə bağlı fikirlərini bölüşüb.
O bildirib ki, indiki dövrdə “iş yoxdur” demək düzgün yanaşma deyil. Məhəmmədoğlunun sözlərinə görə, insan öz bacarığından istifadə etməklə internet üzərindən də gəlir əldə edə bilər.
“Kim deyir ki, iş yoxdur, bu, onun öz səhvidir. ‘Heç yerdə iş yoxdur’ demək olmaz. Mən jurnalist olsaydım və iş tapa bilməsəydim, bu gün elə bir şəraitdə yaşayırıq ki, internetdə səhifə açar, maraqlı xəbərlər paylaşar və gəlir əldə edərdim. Bu, bacarıq məsələsidir”, – deyə o bildirib.
Klarnet ustası valideynlərə də övladlarının gələcəyi üçün onlara sənət öyrətməyi tövsiyə edib.
“Heç kəs acından ölə bilməz. Valideynlər övladlarının gələcəyini qurmaq üçün onlara sənəd, savad olmasa belə, bir sənət öyrətsinlər. Ən zəif musiqiçi olsa belə, onun çörəyi olacaq”, – deyə Hüseyn Məhəmmədoğlu qeyd edib.