Gözlənilməz qərar: Azərbaycan “3-cü dalğaya” hazırlaşmalıdır

Gözlənilməz qərar: Azərbaycan “3-cü dalğaya” hazırlaşmalıdır
04 May 2025 21:59

Dünən OPEC+ anlaşmasına daxil olan ölkələr gözlənilməz qərar verdilər - təşkilatın səkkiz üzv ölkəsi iyun ayından etibarən gündəlik neft hasilatını 411 min barrel artıracaq. Qərarın verilməsinə Səudiyyə Ərəbistanı səbəb olub – rəsmi Ər-Riyad Trampın səfərindən öncə neft qiymətlərini ucuzlaşdıran qərar alaraq, Ağ Evin tələblərindən birini yerinə yetirib.


News365.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.


“Trampın səs-küylü qərarlarına, şou xarakterli addımlarına baxmayın – bu, görünən tərəfdir, Tramp və komandası seçkidən 1 il öncə nə elan etmişdisə, hamısını bir-bir edir, qərarlar gözlənilməz deyil, kimlərsə bu qərarları “spontan” adlandırırsa, ya qərəzlidirlər, ya da analitik qabiliyyəti yoxdur.


Trampa ucuz neft niyə lazımdır:


1. Rusiya, İran və Venesuelaya ən böyük təzyiq neft qiymətləridir, ucuz neft bu ölkələri daha tez anlaşmalara getməyə vadar edir;


2. Neftin ucuzlaşması benzin-dizelin ucuzlaşması deməkdir ki, avtomobil ölkəsi olan ABŞ-da orta statistik seçicinin ən çox önəm verdiyi amil məhz 1 qallon benzinin-dizelin qiymətidir (1 qallon = 3,8 litr). Ucuz benzin-dizel inflyasiyanı cilovlamaqda, qiymətləri aşağı çəkməkdə ciddi rol oynayacaq, çünki ABŞ daxilində yükdaşımaların yarıdan çoxu məhz avtomobillərlə həyata keçirilir;


3. ABŞ neft hasilatı üzrə dünya lideridir, gündəlik hasilat artıq 13,5 mln. barreli keçib, ABŞ-da çox böyük neft ehtiyatları var, hasilatın yenidən artırmaq üçün fürsət yaranıb, çünki ABŞ-da hasilatın maya dəyəri yeni texnologiyaların və metodların tətbiqinə görə son 10 ildə 3 dəfədən çox ucuzlaşıb. ABŞ neft hasilatını 15-16 mln. barrelə çatıra bilər, bunun üçün neft qiymətlərinin 50-55 dollar arası olması kifayətdir;


4. ABŞ neftdən asılı ölkə deyil, ona görə də neftin ucuzlaşmasından ancaq udur, bəzi şirkətləri ucuz neftdən narahat ola bilər, amma onlar üçün də vergi güzəştləri, hasilat üçün icazələrin ucuz və asan olması kimi təşviqlər var, daha da artırılacaq;


5. Neftin (yanacağın) ucuzlaşması ABŞ-da “multiplikativ effekt” yaradır, bir çox sahədə - məsələn, aqrar, neft-kimya, turizm - maya dəyərin düşməsinə, iqtisadi canlanmanın artmasına səbəb olur – amma bu effekt qiymətin uzun zaman aşağı hədlərdə qaldığı zaman üzə çıxır, deməli, yaxın illərdə ucuz neft erası davam edə bilər”, - o bildirib.


Ekspertin fikrincə, əgər neft qiymətləri 50 dollar civarında bir neçə il qalsa, neftdən kəskin asılı olan ölkələrdə ciddi iqtisadi dalğalanmalar baş verəcək:


“Azərbaycan dünyada neft-qazdan ən çox asılı olan ölkələr sırasındadır, ixracatımızın 90%-i enerji sektorudur, bu faiz nisbəti illərdir ki, dəyişmir, doğrudur, mütləq rəqəmlərdə dəyişikliklər olur, amma məhz faiz nisbəti dəyişmir. Bir də bizim vəziyyətin qəlizliyi ondadır ki, qiymətlə paralel neft hasilatı da azalır”.


N.Cəfərli Azərbaycanın son 20 ildə 3-cü neft ucuzlaşması dalğasına hazırlaşmalı olduğunu vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada