Eşitmək bir yana, gördüm inandım,
Oyaqdım, amma mən bir də oyandım.
Əvvəlcə bilmədim, həqiqi sandım,
Yalanla, həqiqət göz qabağında.
Həyat cavablamaz sual-sorğumu,
Uyduran tapılmır mənim doğrumu.
Sevgi də isitmir donan ruhumu,
Soyuğam, yanmıram köz qabağında.
Sözümün həddi var, çox az dinlənər,
Qanmayan yalnızca gülüb, şənlənər.
İstəyən ya əyri, ya düz yönlənər,
Hər kəsin öz yolu, öz qabağında.
Gizlənən kəlməmin vaxtı var hələ,
Alışıb yandırar, döndərər külə.
Ən qəddar, ürəyi daş olan belə,
Sarsılar kəsərli söz qabağında.
Əziz Qənbərov