Şimali Kipr Türk Respublikasında (ŞKTR) Girne limanı yaxınlığında batan sərnişin gəmisində itkin düşən 20 nəfərin axtarışları davam edir. Faciə ilə bağlı aparılan araşdırmalar zamanı isə ürəkdağlayan bir detal üzə çıxıb.
News365.az-ın əldə etdiyi məlumata görə, hadisə zamanı həyatını itirən Gülcan Gürel gəmi batarkən üzərindəki xilasedici jileti çıxararaq qızına geyindirib.
Girne limanından Türkiyənin Mersin vilayətində yerləşən Taşucu limanına doğru hərəkət edən dəniz avtobusu dənizdə alabora olaraq batıb. Hadisədən sonra bölgədə genişmiqyaslı axtarış-xilasetmə əməliyyatına başlanılıb.
Əməliyyatlar zamanı Malatya sakini Gülcan Gürelin cansız bədəni aşkarlanıb.
Malatyanın Doğanşehir rayonunun Erkenek məhəlləsindən olduğu bildirilən Gürelin Mersin İl Səhiyyə Müdirliyinin Təcili Tibbi Yardım Xidmətində çalışdığı məlum olub.
Faciə zamanı ana son anda qızını xilas etmək üçün həyatını təhlükəyə atıb. O, üzərindəki xilasedici jileti çıxararaq qızına geyindirib. Qızının sağ qalması üçün öz həyatını təhlükəyə atan ana daha sonra dənizdə itib.
Məlumata görə, Gülcan Gürelin qızı xilas edilib. Ancaq anadan uzun müddət xəbər almaq mümkün olmayıb. Daha sonra aparılan axtarışlar zamanı onun cansız bədəninə çatılıb.
Hadisə bir daha dəniz faciələrinin arxasında yalnız rəqəmlərin deyil, geridə qalan ailələrin və ürəkdağlayan insan hekayələrinin olduğunu göstərdi.
Bir ana son anında belə özünü deyil, övladını düşündü...
O, həyatını itirdi, amma qızına yaşamaq şansı verdi.