"Xural" Media Qrupunun rəhbəri, hazırda həbsdə saxlanılan jurnalist Əvəz Zeynallının səhhətində ciddi problemlər yaranıb.
News365.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Məlahət Zeynallı sosial şəbəkə hesabında paylaşdığı müraciətdə məlumat verib.
Müraciətdə qeyd olunur ki, bir müddət əvvəl Əvəz Zeynallının sağlamlıq durumu ilə bağlı narahatlıqlar yaranıb, müvafiq müayinələr aparılıb və nəticədə onda onkoloji xəstəlik aşkarlanıb. Bildirilir ki, bağırsaqda aşkarlanan bədxassəli şiş artıq qaraciyərə metastaz verib. Hazırda Ə. Zeynallının kimyəvi terapiya müalicəsinə başlanılması planlaşdırılır.
Məlahət Zeynallının sözlərinə görə, Əvəz Zeynallı ailəyə ilkin olaraq nəticələrin yaxşı olduğunu deyib, lakin sonradan vəziyyətin ciddiliyi üzə çıxıb. O, həmçinin bildirib ki, həbs olunduğu gündən bəri Ə. Zeynallə 25 kiloqram çəki itirib, gözündə görmə zəifliyi yaranıb və səhhətində digər problemlər müşahidə olunur.
Müraciətdə Azərbaycan Respublikasının Prezidenti, Ombudsman, ictimai-siyasi xadimlər, media nümayəndələri və hüquq müdafiəçiləri bu məsələ ilə bağlı hərəkətə keçməyə çağırılır. Həyat yoldaşı Əvəz Zeynallının səhhətinə görə əfv olunmasının mümkünlüyünə diqqət çəkib və vəziyyətin kritik olduğunu bildirib.
Qeyd edək ki, Əvəz Zeynallı ötən ilin fevral ayında keçirilən məhkəmədə 9 il müddətinə azadlıqdan məhrum edilib. O, barəsində irəli sürülən ittihamları qəbul etmir və özünü günahsız sayır.