Ermənistan nə istəyir?- Deputatdan AÇIQLAMA

Ermənistan nə istəyir?- Deputatdan AÇIQLAMA
13:32

"Bayden administrasiyası Ermənistanın mövqeyini tam dəstəkləyir və Paşinyanla  birgə addımlar atırdı".

Milli Məclisin deputatı Ceyhun Məmmədov bunu News365.az- a deyib. 

Onun sözlərinə görə, Ermənistan Tramp administrasiyasının mövqeyinə uyğun hərəkət etməyə məcburdur:

"Birinci məsələ, hazırkı Ermənistan hakimiyyəti post-Bayden dövrünə hazırlaşır. Bayden administrasiyası Ermənistanın mövqeyini tam dəstəkləyir və onunla birgə addımlar atırdı. Ermənistan hakimiyyəti narahatdır ki, yeni administrasiya dövründə bu dəstək eyni dərəcədə davam etməyə bilər.

Paşinyanın sülhə dair açıqlamalar verməsinin səbəbi budur. O, Azərbaycanın məsələlərə seyirçi qalmayacağını başa düşür. Azərbaycanın mövqeyi prinsipial və qətiyyətlidir. Paşinyanın açıqlamaları əsasən iki məqsədə xidmət edir:

1. Ermənistan daxilinə sabitliyi qorumaq üçün mesaj verərək göstərmək istəyir ki, sülh proseslərinə başlanılıb və danışıqlar gedir

2. Azərbaycana göstərmək ki, sülhdə maraqlıdırlar, baxmayaraq ki, ABŞ ilə müxtəlif sənədlər imzalanıb.

Əslində, Ermənistanın məqsədi fərqlidir. Ermənistan, Tramp administrasiyası işə başlayarkən ABŞ-dan eyni dəstəyi almağa çalışır. İndidən mövqelərini möhkəmləndirmək üçün addımlar atır və sənədlər imzalayır.

Nə gözlənilir?

Tramp administrasiyası bölgəyə Bayden qədər diqqət ayırmaya bilər, lakin ABŞ-ın xarici siyasətində sistemli yanaşmalar var. Bölgə məsələlərində Tramp hər iki tərəfin maraqlarını nəzərə almağa çalışacaq. Azərbaycanın mövqeyinin nəzərə alınacağı ehtimal edilir.

Bayden administrasiyası dönəmində ABŞ tamamilə Ermənistanın yanında idi və Azərbaycanın maraqlarına təzyiq göstərirdi. Bu dövrdə imzalanan strateji sənədlər Ermənistanın siyasətinə dəstək verirdi. Bu, Tramp administrasiyası üçün çətin bir miras buraxır, lakin Trampın əvvəlki dövrlərdə Türkiyə və Azərbaycanla münasibətlərinin yaxın olması, xüsusən də Türkiyə ilə sıx əməkdaşlıq etmək planları, yeni mərhələdə daha ədalətli bir siyasətin şahidi olacağımızı göstərir.

Ermənistan öz maraqlarını qorumağa və Tramp administrasiyasını öz mövqeyinə uyğun hərəkət etməyə məcbur etməyə çalışır. Lakin Trampın bölgədə fərqli və balanslı yanaşma sərgiləməsi gözlənilir.