Xəbər verdiyimiz kimi səhər saatlarından başlayaraq inqilab arzusunda olan erməni keşiş Baqrat Srbazanın "Müqəddəs mübarizə" hərəkatına qarşı əməliyyatlara başlanılıb. Hərəkatın Telegram kanalında yayılan məlumatda deyilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları "Müqəddəs mübarizə" tərəfdarlarını təqib etməkdə davam edirlər: "Bu gün səhər tezdən "Müqəddəs mübarizə" tərəfdarlarının evlərində axtarışlara başlayıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları arxiyepiskop Baqrat Qalstanyanın iqamətgahında da əməliyyat keçirirlər".
Müxalif qüvvələrin də ciddi dəstəyini alan radikal din xadiminə qarşı təqiblər erməni cəmiyyətində narazılıq yaradıb. Məsələn, Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının katibi Tiqran Abrahamyan ölkədə gündəmə çevrilmiş siyasi təqiblərlə bağlı deyib: “Məncə, iqtidarın dünən yaydığı “çevriliş planı” və bugünkü axtarışlar onu göstərir ki, hökumət öz gündəmini qoruyub saxlamağa, siyasi və informasiya idarəçiliyini öz əlində cəmləşdirməyə çalışır.
Eyni səbəbdən bir neçə gün əvvəl müxalif fikirli şəxslər polisə “açıqlama” üçün dəvət olunublar.
Hakimiyyət mütəmadi olaraq xuliqan və yöndəmsiz xarakterli postlarla, süni şəkildə şişirdilmiş mövzularla üçüncü dərəcəli informasiyaları meydana atmağa çalışacaq və onun təhlükəsizlik qüvvələri ölkədə hər gün çiçəklənən cinayətlərlə mübarizə aparmaq əvəzinə, hakimiyyətin, hökmdarın səriştəsiz teatrına xidmət edəcək”.
Tural